“Görüşün təxirə salınmasının başqa səbəbi var” Mövlud Çavuşoğlu

“Görüşün təxirə salınmasının başqa səbəbi var”  Mövlud Çavuşoğlu

Rusiya Federasiyasıyla Türkiyənin Liviya ilə bağlı fikir ayrılığı yoxdur və Rusiya xarici işlər naziri Sergey Lavrovun İstanbula səfəri, gələcək addımların daha dərindən texniki araşdırılması ehtiyacı ilə əlaqədardır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi, Lavrov və Rusiya Müdafiə naziri Sergey Şoyqunun regional məsələlər ətrafında məsləhətləşmələr aparmaq üçün bazar günü Rusiya idarələrarası nümayəndə heyətinin başında Türkiyəyə gələcəyini bildirmişdi. Ancaq sonradan ziyarətin təxirə salındığı açıqlandı.

"Lavrov və Rusiya nümayəndə heyəti ilə görüşün təxirə salınması Rusiya ilə münasibətlərimizdəki problemlərlə əlaqəli deyil. Liviyadakı vəziyyətlə bağlı böhran və anlaşılmazlıq yoxdur. Yalnız Liviyada uzun müddətli bir barışıq yaratmaq üçün, Liviya tərəfinin iştirakı ilə daha ətraflı müzakirə etməliyik. Xüsusilə daha da təsirli addımlar atmaq üçün bu vacibdir. Dünən Lavrovla iki dəfə telefonla danışdıq və bir az gözləməyi, görüşü təxirə salmağı qərara aldıq", deyə Çavuşoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə