Misirin Xarici İşlər naziri İŞİD-lə mübarizə üzrə Qlobal Koalisiyaya çağırış edib

Misirin Xarici İşlər naziri Samih Şükrü iyunun 4-də Afrika ölkələri Xarici İşlər nazirlərinin iştirakı ilə keçirilən virtual konfransda İŞİD-lə mübarizə üzrə Qlobal Koalisiyanı son aylar bu qitədə sıralarını getdikcə artıran terror təşkilatına qarşı daha qətiyyətli hərəkət etməyə çağırıb.

SİA xəbər verir ki, bu barədə məlumat verən Misir Xarici İşlər nazirinin müşaviri Əhməd Hafiz terrorçuların pandemiya şəraitindən sui-istifadə edərək daha da fəallaşdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, İŞİD-ə qarşı Qlobal Koalisiya Afrikanın Sahil regionunda və qitənin qərbində terrorçularla mübarizəni prioritet məsələ kimi qarşıya qoymalıdır. Müşavir əlavə edib ki, S.Şükrü Suriya və İraqdan qaçan İŞİD terrorçularının məhz bu ərazilərə axışdığını vurğulayıb.

ABŞ-ın Dövlət katibi Mayk Pompeo və İtaliyanın Xarici İşlər naziri Luici Di Mayonun təşəbbüsü ilə keçirilən virtual konfransda 31 ölkənin təmsilçiləri iştirak ediblər. Xarici siyasət idarələrinin rəhbərləri vurğulayıblar ki, İŞİD yuvalarının bütün dünyada məhv edilməsi üçün koalisiya üzvləri səylərini artırmalıdır.

M.Pompeo bildirib ki, pandemiya ilə əlaqədar çətinliklərə baxmayaraq, İŞİD-in darmadağın edilməsi məqsədilə hərbi əməliyyatlar davam edəcək. “Biz İraq və Suriyanın terrorçulardan təmizlənmiş ərazilərində sabitliyin bərpa olunması, habelə Afrika qitəsində terror şəbəkələrinin məhv edilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Bu məqsədlə cari ildə 700 milyon dollar vəsait tələb olunur”, -deyə Dövlət katibi qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə