Feldmarşal Xəlifə Həftar Qahirədə Liviyadakı son vəziyyəti müzakirə edəcək

Misirin və Körfəz Dövlətləri Şurası ölkələrinin əksəriyyətinin dəstəklədiyi Liviya Milli Ordusunun komandanı, feldmarşal Xəlifə Həftar Qahirədə Liviyadakı son vəziyyəti müzakirə edəcək. SİA xəbər verir ki, bu barədə Liviya mənbələrindən "Youm7" qəzetinə məlumat verilib. Qəzetin məlumatında bildirilir ki, Misirin və Birləşmiş Ərəb Əmirliklərinin alqışladığı atəşkəs danışıqları şəraitində Misir rəsmiləri Həftarla sərhədlərin qorunması, terrorizmlə mübarizə və qeyri-leqal miqrasiya məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar. Qeyd edək ki, hazırda BMT-nin təşəbbüsü ilə davam edən atəşkəs danışıqlarına rəğmən Tripolidə yerləşən milli razılıq hökumətinin qoşunları və Liviya Milli Ordusu arasında qızğın döyüşlər davam edir. Son günlər Tripolinin cənubunda gedən döyüşlərdə hər iki tərəfdən 100-dən çox itki var. İyunun 3-də Həftarın ordusu Tripoli Beynəlxalq Aeroportunu yenidən ələ keçirdiyini bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə