Corc Floydun ölümünə görə daha 3 keçmiş polis əməkdaşı həbs ediləcək

ABŞ-da afroamerikalı Corc Floydun ölümünə görə çərşənbə günü təqsirli elan olunan 3 keçmiş polis əməkdaşı gün ərzində həbs ediləcək. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Minnesota ştatının cinayət-axtarış bürosunun rəhbəri Dryu Evans bildirib. "Zabitlərin həbsi prosesini icra edirik, onlardan biri nəzarət altındadır, digərləri də saxlanılacaqlar. Bunun günün ikinci yarısında baş tutacağını gözləyirik", - Evans belə deyib. Məhkəmə sənədlərinə görə, bundan bir qədər əvvəl isə Minnesota ştatının prokurorluğu mərhum Corc Floydun ölümündə günahlandırılan sabiq polis işçisi Derek Çavenə qarşı ittihamı daha da ağırlaşdırıb. Çaven hazırda "niyyətsiz olaraq ağır cinayət törədərkən 2-ci dərəcəli adam öldürmə"də ittiham olunur. Bundan əlavə, istintaq son dərəcə ehtiyatsız davranış səbəbindən 3-cü dərəcəli adam öldürmə və səhlənkarlıq edərək 2-ci dərəcəli ehtiyatsızlıqdan adam öldürmə ittihamlarını saxlayıb. Əgər təqsiri sübuta yetirilərsə, Çaveni uzun müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Çavenin iştirakı ilə ilk məhkəmə iclası bazar ertəsinə təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə