Ölənlər sürətlə artır, kütləvi məzarlıq qazılır

Ölənlər sürətlə artır, kütləvi məzarlıq qazılır

Braziliya mətbuatının yaydığı xəbərlərə görə, ölkənin Amazonas vilayətinə daxil olan Manaus şəhərində koronavirus nəticəsində ölənlərin sayı sürətlə artır və həyatını itirənlər üçün kütləvi məzarlıq qazılır.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Manaus Bələdiyyəsinin rəsmiləri Taruma məhəlləsinə məxsus qəbiristanlıqda artıq kütləvi məzarlığın qazılmağa başlandığını bildiriblər.
Açıqlamada ölənlərin sayının artması ilə əlaqədar qərarlaşdırılan bu metodun digər ölkələrdə də istifadə edildiyi, cənazələrin kimliyinin qorunub saxlanılacağı və tabutların müəyyən məsafələrdə dəfn ediləcəyi də qeyd olunub.
Digər tərəfdən qəbiristanlıqda çalışan işçilər açıqlanan məlumatların doğru olmadığını iddia ediblər. İşçilər mətbuatın düzgün məlumat vermədiyini, ölü sayının açıqlanan rəqəmlərin 2-3 qatı olduğunu söyləyiblər.
Qeyd edək ki, epidemiyadan ən çox zərər çəkən Latın Amerika ölkələrindən biri olan Braziliyada virusa yoluxan 45757 nəfərdən 2906-sı ölüb.
Xatırladaq ki, Braziliya prezidenti Jair Bolsonaru koronavirus pandemiyasını “qrip” və “medianın oyunu” adlandırmışdı.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə