ÜST-yə yardımı dayandırmaqda Trampın məqsədi nədir? ANALIZ

ÜST-yə yardımı dayandırmaqda Trampın məqsədi nədir? ANALIZ

Donald Trump Ümumdünya Səhiyyə Təşkilatının maliyyəsini dayandırıb. Ağ Ev rəhbəri bu təşkilatın missiyasını yerinə yetirmədiyini və koronavirusun planet boyu sürətlə yayılmasının qarşısını ala bilmədiyini bəyan edib. Bu qərar təbii ki, bütün dünya ictimaiyyətinin reaksiyasına səbəb olub. İndi bütün dünyanı düşündürən odur ki, bu mövcud pandemiya ilə mübarizə üçün bütün səyləri, maliyyələşməni dayandırmaqla ABŞ kimi və nəyi təhdid edir?

Cəmi bir neçə cümlə ilə ABŞ prezidenti, Ümumdünya Səhiyyə Təşkilatını ciddi maddi dəstəkdən məhrum etmək qərarını bildirdi. Lakin bu elə də sadə və dırnaqarası baxılacaq məsələ deyil. Ağ Evin, şəxsən Donald Trampın belə bir qərarı qlobal bəla, dünyanın özünü təhdid edən mövcud pandemiyaya qarşı mübarizədən imtina etmək deməkdir. Onsuz da Birləşmiş Ştatlar prezidenti bir qədər öncə pandemiyaya qarşı bir dəfə saymazlıq nümayiş etdirmişdi və bunun acısını bu anda ABŞ vətəndaşları çəkirlər. Beləki, indi amerikalılar daha çox itgi verirlər və bu ölkə pandemiyaya yoluxma statistikasına görə anti-rekorda imza atıb. Bəs indi Tramp nə istəyir və nail olmaq istədiyi nədir? Yaxud, ağlına korluq verməyən bu diplomat indi hansı faciələrə yol açmaq qərarına gəlib? Axı bu boyda planetin sakinləri hansısa ərköyünün, özünü düşünməkdən azad, ya da məhrum etmiş birinin səhvlərinin qurbanı niyə olmalıdır? İndi ən adi vətəndaşın belə yardım etmək istədiyi, yaxud, ən azından buna çalışdığı bir zamanda ÜST-ni maliyyə yardımından məhrum etmək qərarı hansı ağılın məhsulu ola bilər? Yeri gəlmişkən qeyd edək ki, bu yardım ildə təxminən yarım milyard dollar həcmindədir.
“Reallıq budur ki, ÜST vaxtında məlumat ala, yoxlaya və paylaşa bilməyib. Təşkilat əsas məsuliyyətində uğursuz olub və buna cavabdeh olmalıdır. Beləliklə, səhvlərini araşdırarkən ÜST-nin maliyyələşdirilməsini dayandırıram", deyə ştatlar prezidenti bəyan edib. Doğrudur, Ümumdünya Səhiyyə Təşkilatını günahlandırmaq, onu ittiham etmək ştatlar prezidentinin öz işi, bəlkə də haqqıdır. Amma bu haqq ona məhz bu ittihamların fonunda belə bir beynəlxalq səhiyyə təşkilartına yardımların dayandırılması haqqını vermir. Daha dəqiq desək, bütün bəşəriyyət üçün qərar vermək haqqı Trampa verilməyib.

Tutalım ki, ona belə bir haqqın verilmədiyini ştatlar prezidenti dərk etmir. Yaxud, dərk etsə də belə saymazlıq edir. Amma heç olmasa bundan öncəki səhvinə görə saysız-hesabsız insanın, ABŞ vətəndaşının qurban getdiyini xatırlayıb mənəvi haqqının belə olmadığını da ağlına niyə gətirmir? Xatırladaq ki, onun bu qərarı artıq BMT Baş katibi tərəfindən pislənilib. Onun sözlərinə görə, Tramp bu cür dağıdıcı hərəkətlər üçün tamamilə uyğun olmayan bir məqam seçib.

“İndi bütün beynəlxalq ictimaiyyətin birgə işi, mübarizəsi vacibdir. COVID-19 ilə müharibədə qalib gəlmək üçün səylərin bir hissəsi olaraq ÜST-ə dəstək vermək lazımdır. Bu və ya digər humanitar təşkilatın fəaliyyəti üçün ehtiyatları azaltmamalıyıq", deyə BMT Baş katibi Antoni Quterres bildirib.

Üstəlik, Donald Tramp unutmamalıdır ki, ABŞ-ın özü pandemiya qurbanlarının sayına görə dünyanın bütün ölkələrini qabaqlayıb. Qurbanların sayı bu ölkədə təxminən 22 min nəfəri keçib. Təkcə New York əyalətində, virus gündə 800 xəstəni öldürür, Massaçusetsdə isə 2 gündə yoluxanların sayı dörddə biri qədər artıb.
“Xəstəxanalar çoxdur. Koronavirus xəstələri ən azı otağa çıxmaq və ya sadəcə dəhlizə çıxmaq üçün uzun müddət gözləyirlər. Ağlayan və testlərdən imtina edən xəstələr də var. Onlar özlərində infeksiyanın olacağından qorxurlar”, deyə həkim Calvin Sun vəziyyəti gizlətməyib. Bu isə məhz ABŞ-da vəziyyətin hansı dərəcədə açınacaqlı olduğunun sübutudur. Həkim Calvin Sunun etirafları əslində Tramp üçün bir həyəcan siqnalıdır və bunun fonunda onun maliyyə yardımından imtina etməsi həqiqətən də ağlabatan addım deyil.
Bəllidir ki, Tramp inadla virusun sürətlə yayılmasında ÜST nümayəndələrini günahlandırır. Baxmayaraq ki, indi onun özünün də günahları barədə çoxlu sayda ittihamlar mövcuddur. Yanvar ayında, onun müşaviri Peter Navarro, yüz minlərlə amerikalının pandemiyanın qurbanı ola biləcəyini xəbərdar etmişdi, bunun həqiqətən təhdid olduğunu da söyləmişdi. Daha doğrusu xəbərdarlıq etmişdi. Sual oluna bilər ki, niyə ştatlar prezidenti özü bu məsələyə dırnaqarası yanaşdı? Eyni zamanda soruluşa bilər ki, Trampın özünə bu saymazlığa görə hansı sanksiya tətbiq edilib və yaxud edilməlidir?

İndi, ölkədə yoluxmuş insanların sayının yarım milyonu keçməsi fonunda yoxsa ABŞ prezidenti günahlarını kiminsə, daha dəqiq desək, Ümumdünya Səhiyyə Təşkilatının üzərinə atmaq fikrindədir? Ən acınacaqlısı və şəxsən Tramp üçün ən xəcalətlisi odur ki, belə bir faciəvi şəraitdə Ağ Ev rəhbəri, öz vətəndaşları haqqında deyil, ilk növbədə guya ki, iqtisadiyyat, maliyyə haqqında düşünür. Trampın sanitar tədbirləri ləğv etməyə hazırlaşması isə yerli hakimiyyəti şoka salıb.

"Dövlətimizdə 10 minlərlə ölü var və bu virus ayrıca Respublikaçıları və ya Demokratları öldürməyib, bütövlükdə Amerikalıları və Nyu Yorkluları öldürüb. Əgər prezident dövlətimizdəki insanların sağlamlığına təhlükə yaradan bir sərəncam verərsə, mən belə bir əmrə tabe olmayacağam", deyə Nyu-York qubernatoru Endryu Kuomo qeyd edib.

Ancaq bütün bunlar deyəsən Trampı qətiyyən narahat etmir. Guya ki, yaxşıca qurulmuş bir sxemə uyğun olaraq işləyir. Amma bu heç də belə görünmür. Hadisələri və xronologiyanı xatırladıqda görürük ki, üç il əvvəl o qapını çırparaq Paris iqlim sazişindən çıxdı, sonra NATO tərəfdaşlarından vəsait qopardı, Vaşinqtonun payını azaltdı, alyansa dəstək olmadığı üçün Almaniyanı təhqir etdi. Nəhayət, indi də sadəcə ÜST-ə vacib investisiyaların qarşısını alır. Görəsən bu böyda ştatların prezidentinin indi məqsədi nədir? O, Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımını kəsməklə hansı təhdidləri etmək niyyətindədir?

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə