Koronavirusa yoluxan 180 xəstəyə sətəlcəm diaqnozu qoyuldu Ermənistanda

Ermənistanda koronavirusa yoluxan 180 xəstəyə sətəlcəm diaqnozu qoyulub. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə açıqlamasında səhiyyə naziri Arsen Torosyan bildirib.

"Ümumiyyətlə, bu gün təsdiqlənmiş koronavirus xəstəsi olan 180 nəfərə sətəlcəm diaqnozu qoyulub", deyə Torosyan qeyd edib.

O, əlavə edib ki, risk altında olan həkimlər arasında ciddi hallar yoxdur. "Bundan əlavə, yaşla əlaqəli həmkarlarımıza koronavirusla mübarizə tədbirlərində iştirak etməməyi tövsiyə etdik", deyə diqqətə çatdırıb.

Xatırladaq ki, Ermənistanda koronavirusun yayılması ilə mübarizə üçün martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət elan edilib. Ölkədə 937 yoluxma hadisəsi aşkarlanıb, 12 nəfər ölüb, 8 xəstənin vəziyyəti tamamilə ağır, 40 nəfərin vəziyyəti ağırır. Bu ölkədə martın 25-dən aprelin 12-dək strateji əhəmiyyət kəsb edən hallar istisna olmaqla müəssisə və təşkilatların işi müvəqqəti dayandırılıb, vətəndaşların hərəkətinə məhdudiyyətlər tətbiq olunub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə