Şeremetyevo” aeroportunun sahibi Rusiyada beynəlxalq aviareyslərin bərpa ehtimalından danışıb

Moskvadakı A.S.Puşkin adına "Şeremetyevo" Beynəlxalq Aeroportunun sahiblərindən biri Aleksandr Ponomarenko Rusiyada beynəlxalq aviareyslərin nə vaxt bərpa olunacağı barədə fikirlərini bölüşüb.

SİA xəbər verir ki, "Forbes" jurnalına müsahibəsində A.Ponomarenko hadisələrin iki ssenari üzrə inkişaf edə biləcəyini söyləyib. Birinci, nikbin ssenariyə görə, beynəlxalq reyslər artıq iyul ayında yerinə yetirilməyə başlayaraq ilin sonuna kimi mütəmadi şəkildə bərpa edilə bilər. İkinci, bədbin ssenari isə beynəlxalq aviareyslərin gələn ilin ortalarında bərpa ediləcəyini nəzərdə tutur.

A.Ponomarenko bu halda aeroportun heyətinin ixtisar olunacağını istisna etməyib. O deyib ki, hazırda hava limanının 6 terminalından 3-ü bağlanıb.

Qeyd edək ki, "Şeremetyevo" Rusiyanın ən irihəcmli sərnişin axını olan aeroportudur.

Bütün xəbərlər Facebook səhifəmizdə