Koronavirus maskalarda, əskinaslarda və parçalarda nə qədər yaşayır?

Koronavirusun müxtəlif səthlərdə, o cümlədən tənzif maskalarda nə qədər yaşaya biləcəyi müəyyənləşdirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, “South China Morning Post” nəşri, müxtəlif səthlərdə virusun "sağ qalması" barədə qiymətləndirmənin aparılmasından yazıb.

Nəşrin qeyd etdiyinə görə, bu qiymətləndirməni Hong Kong Universiteti və Amerika Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutundan bir qrup mütəxəssis aparıb. Bundan əvvəl də, ixtisaslaşmış "Lancet" jurnalında alimlərin hesabatı dərc olunmuşdu.

Bütün işlər laboratoriyada otaq temperaturunda aparılıb.

Mütəxəssislər, virusun üç saatdan az müddətə çap və papirus kağızlarında qaldığını müəyyən edib. Təcrübə zamanı müəyyən olunub ki, standart ağac və parça üzərində virus ikinci gün yoxa çıxıb. Həmçinin təyin olunub ki, istifadə olunan maskalarda virus bir həftəyə qədər davam edə bilər.

Eynək və əskinaslardan virus yalnız dördüncü gün tamamilə yox olub. Paslanmayan poladda və plastikdə virus, dörd ilə yeddi gün arasında qala bilir. Mütəxəssislər, ağartma da daxil olmaqla, adi məişət dezinfeksiyaedici maddələrin virusu öldürməsində təsirli olduğunu təsdiqləyib.

"Özünüzü qorumaq istəyirsinizsə, yalnız gigiyena qaydalarına riayət edin, əllərinizi mümkün qədər tez-tez yuyun və əllərinizi əvvəlcədən dezinfeksiya etmədən üzünüzə, gözünüzə, ağzınıza və burnunuza toxunmamağa çalışın", deyə mütəxəssislər xəbərdarlıq edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə