Yeni Zelandiyadakı 100 minə yaxın turist vətənlərinə qayıda biləcək

Yeni Zelandiya təxminən 100 minə yaxın turist üçün qaydaları yüngülləşdirib, bundan sonra onlar vətənlərinə qayıda biləcəklər.

SİA “New York Post” nəşrinə istinadən xəbər verir ki, səyahətçilərin əksəriyyəti üçün əsas problem koronavirusun yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində bir ay daxili reyslərdən istifadə edə bilmələri idi. Bu qadağa turistlərə beynəlxalq reyslərə çatmaq üçün Oklend aeroportuna getməyə imkan vermirdi.

Yeni Zelandiyanın Xarici İşlər naziri Uinston Piters bundan sonra xarici ölkə vətəndaşlarının ölkəni tərk edərkən daxili reyslərdən istifadə edə biləcəyini deyib.

Rəsmi mənbələrin məlumatına görə, indiyə qədər 37 min turist vətənlərinə dönmək üçün səfirliklərə müraciət edib. Ölkəni tərk etmək istəyən turistlərin sayı isə 100 min nəfərə yaxındır.

Yeni Zelandiyada qalan turistlərin böyük hissəsi Böyük Britaniya və Avropanın digər dövlətlərinin vətəndaşlarıdır. Lakin Asiyadan olan 2700, həmçinin Şimali və Cənubi Amerikadan olan 3800 xarici vətəndaş da Zelandiyanı tərk etmək istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə