Körfəz ölkələrində COVID-19 virusuna yoluxanların və ölənlərin sayı artıb

Aprelin 1-də Körfəz ölkələrində COVID-19 virusuna yoluxanların və ölənlərin sayı artıb.

SİA xəbər verir ki, Səudiyyə Ərəbistanında son sutka ərzində yeni növ koronavirusa 157 yoluxma halı və bu xəstəlikdən 6 ölüm faktı qeydə alınıb. Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək COVID-19 virusuna yoluxanların sayı 1720 nəfərə çatıb, 16 nəfər isə həyatını itirib. Ölənlərin 4 nəfəri Mədinə, qalanları isə Ər-Riyad və Məkkə sakinləridir.

Ötən gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirusdan 2 nəfər dünyasını dəyişib və beləliklə, ölənlərin sayı 9-a çatıb. BƏƏ Səhiyyə Nazirliyinin məlumatına görə, həyatını itirənlər 16 yaşlı Uzaq Şərq mənşəli və 78 yaşlı ərəbdir. Onların hər ikisinin ürək-damar sistemi xəstəliyindən əziyyət çəkdikləri bildirilib. Nazirlik əlavə edib ki, ölkədə son bir sutkada koronavirusa 150 yoluxma halı olub və xəstələrin ümumi sayı 814 nəfərə çatıb.

Qətərdə ötən gün daha 54 yoluxma halı qeydə alınıb. QNA agentliyinin xəbərinə görə, koronavirus xəstələrinin ümumi sayı 835 nəfərə çatıb, iki nəfər isə dünyasını dəyişib.

Küveytdə isə aprelin 1-də koronavirusa 28 nəfər yoluxub. Səhiyyə Nazirliyi indiyədək ölkədə 317 yoluxma halının qeydə alındığını, onlardan 14 nəfərinin vəziyyətinin ağır olduğunu bildirib.

Oman Səhiyyə Nazirliyi son bir gündə ölkədə daha 18 nəfərin koronavirusa yoluxduğunu, xəstələrin ümumi sayının 210-a çatdığını bildirib. Sultanlıqda 34 xəstə tamamilə müalicə olunub, bir nəfər isə dünyasını dəyişib. ONA xəbər agentliyi ölən şəxsin 72 yaşlı Oman vətəndaşı olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə