Yeni növ koronavirusun səbəb olduğu "Covid-19" xəstələrinin ümumi sayı 860 mini, həyatını itirənlərin sayı isə 42 mini keçib. Covid-19 müalicəsi alan 178 mindən çox insan sağalıb. SİA-nın məlumatına görə, Covid-19 ilə əlaqədar bu günə qədər ən çox itki 12 min 428 adamın öldüyü İtaliya olub. Ardından İspaniya 8 min 464 ölümlə, ABŞ isə 4 min 055 ölümlə üçüncü yerdə dayanır.

Epidemiyanın baş verdiyi Çin isə 3 min 305 itki ilə dördüncü yeri tutub.

Bununla yanaşı, İngiltərədə yeni növ koronavirus səbəbiylə ölənlərin sayı bir gündə 393 nəfər artaraq 1 min 801 nəfərə çatıb.

Fransada da ölənlərin sayı da artıb. Səlahiyyətlilər Covid-19 səbəbiylə ölkədə həyatını itirənlərin son 24 saatda 499 nəfər artaraq 3 min 523 nəfərə çatdığını açıqlayıb.

İranda da vəziyyət ağırlaşır. Son 24 saat ərzində 150-yə yaxın insanın həyatını itirdiyi və beləliklə həyat itkisinin 2 min 898 nəfərə çatdığı açıqlanıb.

Xatırladaq ki, keçən ilin dekabr ayında Çinin Vuhan şəhərində meydana gələn Covid-19 epidemiyası bu günə qədər 200 ölkə və bölgəyə yayılıb. ABŞ rəhbərinin dediyi kimi, qaydalara əməl olunmasa, insanların səhlənkarlığl davam edərsə dünyada ölü sayı 240 mindən artıq ola bilər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə