Türkiyənin hüquq-mühafizə orqanları əməkdaşları arasında koronavirusa yoluxma halları var

Türkiyənin hüquq-mühafizə orqanlarının əməkdaşları arasında koronavirusa yoluxma halları qeydə alınıb.

SİA xəbər verir ki, bunu ölkənin Daxili İşlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında bildirib.

S.Soylu qeyd edib ki, virusun simptomları müşahidə olunanlar arasında jandarma və təhlükəsizlik xidmətlərinin əməkdaşları, kaymakamlar və bir vali var. Onların bəzilərinin test cavabları da müsbət çıxıb.

Nazir koronavirusa qarşı aparılan qabaqlayıcı tədbirlər çərçivəsində hazırda Türkiyənin 21 vilayətində 50 kənd və qəsəbənin karantinə alındığını, şəhərlərarası sərnişindaşımanın 98,9 faiz azaldıldığını bildirib.

Qeyd olunub ki, son 15 gün ərzində sosial mediada koronovirusla bağlı təxribat xarakterli məlumatlar yayan 2863 hesab aşkarlanıb. Bunların 70 faizinin FETÖ, PKK və İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) kimi terror qruplaşmalarına aid olduğu aydınlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə