Koronavirus peyvəndinin sınağı üçün könüllü axtarılır

Koronavirus peyvəndinin sınağı üçün könüllü axtarılır

İngiltərə koronavirus peyvəndini sınamaq üçün könüllülər axtarır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Oksford Universitetinin mütəxəssisləri ChAdOx1 nCoV-19 peyvəndini koronavirusa qarşı sınamaq üçün könüllü axtarıldığını elan edib.

Elanda qeyd edilir ki, 18 yaşdan 55 yaşa qədər sağlam insanlar testlərdə iştirak etməyə dəvət olunur. Həmçinin nəzərə çatdırılır ki, testlər ənənəvi şəkildə keçiriləcək və altı ay davam edəcəkdir. İştirakçılara təsadüfi seçim yolu ilə real bir peyvənd vurulacaq.
Mütəxəssislər koronavirusa yoluxmuş insanların 80%-də xəstəliyin yüngül formada davam etdiyini və xüsusi müdaxilə tələb etmədiyini söyləyib. Bildirilib ki, ancaq 20%-də infeksiya ağırlaşmalara və ölümlərə səbəb ola bilər.
Xatırladaq ki, yeni növ koronavirusun ilk hadisəsi dekabrın sonlarında Çinin Hubei əyalətində qeydə alınıb. Fevralın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əvvəllər 2019-nCoV olaraq bilinən koronavirusa COVID-19 adını verib və bir ay sonra, martın 11-də ÜST yeni koronavirusu pandemiya elan edib.
26 Mart cümə axşamı vəziyyətinə görə 177 ölkədə COVID-19 yoluxma hadisəsi baş verib. Worldometer resursuna görə, dünyada yoluxmuş koronavirus xəstələrinin sayı 522,7 min nəfərdir. Bu vaxtadək xəstəlikdən 23 621 xəstə ölüb. Koronavirusdan 123 322 nəfər tamamilə müalicə olunub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə