Sudanın liman şəhəri Port-Sudan yaxınlığında dünən bir avtomobilin raketlə vurulması Sudanla İsraili qarşı-qarşıya qoyub. Hava limanından şəhərə doğru hərəkət edən avtomobili vuran raketlərin haradan buraxıldığı və avtomobildə tanınmaz hala gələn iki şəxsin kimliyi hələ də naməlum olaraq qalır. Hadisə şahidləri üç partlayış eşitdilklərini və Qırmızı dənizə doğru gedən iki vertolyot gördüklərini söyləyib. Bir hökumət səlahiyyətlisi də hücumun Qırmızı dənizdən gələn təyyarə ilə həyata keçirildiyini deyib.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Sudan xarici işlər naziri Əli Əhməd Karti hücumda İsrailin məsuliyyət daşıdığını bildirib. O, Xartumda keçirdiyi mətbuat konfransında "dünəndən etibarən alınan bütün ifadələr hücumun İsrail tərəfindən edildiyini göstərir. Bundan əminik", söyləyib. Xarici işlər naziri hücumun səbəbini bilmədiyini ifadə etsə də, İsrailin son günlər Sudanı bəzi islamçı qruplarını dəstəkləməkdə günahlandırdığını da bildirib.
İsrail isə bu ittihamla bağlı şərh verməyib. İsrail xarici işlər nazirliyinin sözçüsü Yigal Palmor isə Sudanın ittihamı ilə əlaqədar olaraq şərh verməkdən yayınıb. Maraqlıdır ki, İsrail mətbuatı da hücumun İsrail Hava Qüvvələrinin təşkil etdiyini iddia edir.
Bu hücum 2009-cu ilin yanvar ayında eyni ölkədə Misir sərhədi yaxınlarında bir avtomobil karvanının hərbi təyyarələr tərəfindən vurulmasını xatırlatıb. ABŞ və İsrail mediasında avtomobil karvanının Qəzzaya fələstinli terrorçulara silah daşıdığı ilə bağlı xəbərlər verilmişdi. Həmin hücumda 119 adam həyatını itirmişdi. Həmin vaxt da avtomobil karvanının İsrail tərəfindən vurulduğu məlumatları yayılmışdı.
İddia edilir ki, Qəzzada hakimiyyətdə olan "Həmas"ın Sudan rəhbərliyi ilə yaxın əlaqələri var. "Həmas"ın uzun müddətdir ki, Sudanda hərbi hissənin olduğu və təşkilat lideri Xalid Meşalin oraya gəlib-getdiyi bildirilir. Dünənki hücumun həmçinin ölkənin cənubundakı Cibutidə "Əl-Qaidə" üzvlərinə qarşı antiterror əməliyyatları keçirmək üçün hərbi baza quran ABŞ tərəfindən də təşkil edilməsi ehtimal edilir.
Sudanın xarici işlər nazirinə görə, İsrail Sudanın ABŞ-ın terroru dəstəkləyən ölkələr siyahısından çıxma ehtimalını heçə endirmək üçün belə bir hücum təşkil edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB