Rus türkoloq: "ABŞ Rusiya ilə Türkiyə arasına nifaq toxumu səpir" AÇIQLAMA
Rusiya, Türkiyə və İran ittifaqına xarici faktorlar tərəfindən nifaq toxumu səpilir. SİA xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi, Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının Beynəlxalq Münasibətlər şöbəsinin dosenti Vladimir Avatkov Türkiyə və Suriya arasında İdlibdə yaşanan problemləri şərh edib.
Rusiyalı türkoloq Avatkov Suriyada vəziyyətin çox gərgin olduğunu və bu gərginliyin mərkəzinin də İdlib olduğunu bildirib:
"Bu gərginlik hələ terrorist qruplaşmaların üzərində tam qələbə çalınmadığını göstərir və bu prosesi xüsusilə İdlib bölgəsində sürətləndirmək lazımdır. Türkiyənin məsuliyyət daşıdığı bölgə ilə əlaqədar dəfələrlə problem yaşandı və bu mənada Suriyada terrora qarşı mübarizə prosesini başa çatdırmaq üçün Ankaraya böyük rol düşür".
"Mejdunarodnaya Jizn" jurnalına müsahibə verən Avatkov, Suriya böhranının həlli üçün qurulan Rusiya-Türkiyə-İran taktiki ittifaqının başda ABŞ olmaqla xarici qüvvələrin xoşuna getmədiyini bildirib.
"ABŞ və digər xarici qüvvələr bu ittifaqa nifaq toxumu səpməyə çalışır. Onlar sabitləşməyə başlayan bölgədəki xaosu gücləndirməyə çalışırlar. Rusiya bu xaosa qarşı yeni bir sabitlik və təhlükəsizlik zonası yaratmağa çalışır. Xarici qüvvələrin ittifaq üzvləri arasında mübahisə yaranmasına maraqlı olduqları göz qabağındadır. Prezident Rəcəb Tayyib Ərdoğan da bu məsələlərdə təmkinli davranmaq lazım olduğunu söylədi.
Türkiyə xüsusilə Rusiya ilə əlaqələrə son dərəcə böyük maraq duyur. Ancaq bu münaqişə meylinə son qoyulmalı və əvvəllər olduğu kimi bütün tərəflərin maraqları nəzərə alınaraq umumi bir yol tapılmalıdır".
Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda jurnalistlərə açıqlama verərkən bildirib ki, biz Rusiya ilə çatışmırıq, bizim problemimiz rejim qüvvələriylədir və bu məsələdə Rusiya ilə mütəmadi şəkildə danışıqlar aparırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB