Əvvəlcə Avstraliya yandırıldı, sonra konstitusiya dəyişiklikləri gündəmi zəbt etdi və nəhayət, koronavirus informasiya məkanını tükətdi. Buna görə də hər kəs ilin necə başladığını unutmuş kimi görünür. ABŞ-la İran arasında olanlar da bir tərəfdən fikirləri qarışdırır.
Hadisələri izlədikcə bir az da əminlik artır və bəlli olur ki, dünyanın super qəhrəmanı kimi özünü sırımağa çalışan ABŞ yenə də planetin ən birinci dövləti olmaq iddiasındadır. İraq, Əfqanıstan az imiş kimi indi də İranın işinə qarışıb hər şeyi cəhənnəmə vasil etməkdən belə çəkinilmir. Dəfələrlə olduğu kimi, necə deyərlər ABŞ, bacarmırsan sus, deyə diqtə etmək niyyətindədir.
Həqiqətən də, son onilliklərdə ABŞ-ın haraya girməsindən asılı olmayaraq, bundan yaxşı heç nə hasil olmayıb. Görəsən niyə? Görəsən Birləşmiş Ştatların müdaxilə etdiyi ölkələrdə niyə belə qarışıqlıq törənir?
Dövlətlərin daxili işlərinə minimal müdaxilə siyasəti Amerika hakimiyyətinə həm daxili, həm də xarici təzyiqlərin nəticəsidir. Bir tərəfdən Harvard-Kaliforniya liberal quruluşu, digər tərəfdən Birləşmiş Millətlər Təşkilatı daim təkrarlayır ki, ABŞ dünya üçün bir jandarm deyil! Yetər, bəsdir deyə bildirilir. Bildirilir ki, ABŞ ümumiyyətlə heç kimin işinə qarışmasın və kim necə başa düşürsə elə də idarə etsin.
Minillik ənənələr, müstəqil xalqların qüruru, multikulturalizm kimi mühit daha doğru seçimdir və bu seçimə hansısa dövlətin müdaxiləsi heç də doğru görünmür. Doğru görünən xalqların, dövlətlərin seçiminə hörmətlə yanaşılmasıdır. Dövlətlər özləri öz seçimlərində azaddırlar və hər bir ölkənin özünün öz yolunu seçmək kimi bir huququ varsa, hansısa superdövlətə belə ölkənin işinə qarışmaq haqqı necə verilə bilər?
İranın yaşam tərzi amerikalıların xoşuna gəlməyə bilər. Lakin, bu Trampa İran generalının öldürülməsinə qərar vermək haqqı qazandırmır. Hansısa ölkənin məsələlərinin müzakirəsi üçün ən azından beynəlxalq qurumlar var və onların müdaxiləsi deyil, müzakirəsi haradasa başadüləndir. Amma hansısa bir dövlətin özünü fövqəl hesab etməsi buna haqq vermir.
Nəticələrə nəzər saldıqda görürük ki, Birləşmiş Ştatların müdaxiləsi sonda irticaçı silahlanma siyasətini ifşa edir. Həmçinin bu ölkənin milli və dövlət maraqlarını önə çəkmək və genişləndirmək üçün ölkənin hərbi gücünün tətbiqini dəstəkləyən siyasi ideologiyası da özünü göstərir. Dünya dəfələrlə bunun şahidi oldu və əsasən müsəlman dövlətlərinə ABŞ-ın müdaxiləsinin nə ilə nəticələndiyi də göz qabağındadır. Belə acınacaqlı nəticələr hələ də davam edir və görünür özünü superdövlət hesab edən ölkə nə isə sübut etməyə çalışır.
Görünən odur ki, dünya dövlətləri heç zaman olmadığı kimi ABŞ-ın arzularına, militarist ideyalarına qarşıdır. Hər bir ölkə öz arzuladığı, öz istədiyi, öz seçdiyi yolla getməyi tərcih edir və müdaxilə olunmasına razı deyil. Əslində, İranla qarşıdurmanın da kökündə elə bu dayanırdı. Çünki, İran nə ABŞ-ın müdaxiləsinə, nə də militarist siyasətinə boyun əymək niyyətində deyil.
Doğrudur, təkcə İranı belə misal çəkmək kifayət edərdi ki, artıq ABŞ-ın militarizm siyasətinin indi uğursuzluqla nəticələndiyini təsdiqləsin. Amma Birləşmiş Ştatlar özü faktları, arqumentləri durmadan artırır və hər dəfə müdaxiləsinin müqavimətlə qarşılaşması onun militarist siyasətinin yararsız, uğursuz olduğunu sübut edir. Əslində, ABŞ bu zamana qədər tətbiq etdiyi həmin siyasəti yürüdə bilmədiyi də günün reallığıdır və bu dövlətin özü hamıdan yaxşı başa düşür ki, artıq arzuladığı, yürütmək istədiyi militarizm keçmişin səhifələrində qalıb və itirilib. İndi belə bir siyasət yürütmək istəyən digər dövlətlərin dərs götürmələri üçün də kifayət qədər faktlar, arqumentlər var və itirilmiş, keçmişdə qalan militarizm siyasətinin artıq işə yaramadığı, əksinə, qarşıdurma yaratdığı ən böyük örnəkdir. Dünyaya militariz deyil, humanizm gərəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB