Koronavirus epidemiyası ətrafında müzakirələr artmaqdadır. Qorxu, təlaş, hətta süni şəkildə yaradılan xof da öz növbəsində genişlənir. Doğrudur, lazımsız bir şəkildə evdən çıxmaq Çində qadağandır, bu ölkədə sənayenin dörddə biri dayandırılıb, çox milyonluq şəhərlərə karantin qoyulub. Amma bu, təhlükəsizlik, mühafizə tədbirləridir və bu tədbirlərə ehtiyac da var. Dünyanın az qala bütün ölkələri öz vətndaşlarını xəstəliyin yayıldığı və daha təhlükəli olduğu Uhandan təxliyə etdi ki, bu tədbirlərin də əhəmiyyətli olduğu təkzib edilə bilməz.
Virus, epidemiya, xəstəlik, onun acı nəticələri barədə informasiyalar dünyanı cənginə götürüb. Yaradılan xof xəstəlikdən daha təsirli hesab olunur. Xəbərlər dünyanın sonu haqqında filmlərə bənzəyir. Statistikaya görə isə, bu, heç də təsvir olunduğu qədər vahiməli, dəhşətli deyil. Daha dəqiq desək, statistik göstəricilər yeni koronavirusun çox qorxulu olduğu barədə bütün dünyada yayılan xəbərlərdə göstərildiyi şəkildə, yəni, fəlakət olmadığını təsdiq edir.
Doğrudur, həftə ərzində xəstələnənlərin sayının üç dəfə artdığı və otuz minə çatdığı barədə xəbərlər yayıldı. Ancaq mütəxəssislər təsdiq edirlər ki, göstəricilər xəstələnənlərin bu müddət ərzində xəstələndiyini deyil, xəstələnənlərin həmin müddət ərzində aşkara çıxarılması, sayının dəqiqləşdirilməsi göstəricilərdir. Daha dəqiq desək, əslində, otuz minə qədər insan həftə ərzində xəstəliyə tutulmayıb, nə də ki, xəstələnənlərin sayı üç dəfə artmayıb, sadəcə olaraq, həftə ərzidə xəstələnınlərin sayı dəqiqləşərkən statistik göstəricilər üç dəfə artaraq otuz minə çatıb.
Yayımlanan xəbərlərdə eyni zamanda qeyd olunur ki, təqribən altı yüz nəfər ölüb və bu göstərici qorxu yaradır. Amma məlumatlar verildiyi zaman qeyd olunmur ki, bu rəqəmdən iki qat artıq sayda sağalanlar olub. Yəni, ölənlərin sayından iki dəfə artıq insan bu xəstəlikdən müalicə edilərək xəstəxanalardan buraxılıb və öz normal həyat fəaliyyətinə davam edib. Epidemiologlar hesab edirlər ki, iki həftə ərzində xəstəlik tamailə azalacaq. Bir sözlə, hadisələrin gedişi təsdiq edir ki, sözügedən virus enişdədir, amma onun barədə yayılan panika isə yüksəlişdə.
Əslində, belə demək mümkünsə, dünya çox şanslı oldu ki, bu virus məhz yüksək texnologiyalı və eyni zamanda yüksək intizamlı bir ölkədə meydana çıxdı. Etiraf etmək lazımdır ki, heç bir dünya ölkəsi bu xəstəliyə Çin qədər həssaslıq, intizam göstərməz, səbr nümayiş etdirməzdi. Məsələn, dünyanın super dövlətlərindən olan ABŞ və Rusiya belə Çin qədər dözümlü olmazdı. Əgər bu xəstəlik, bu epidemiyə səbəbindən Çin vətəndaşları kimi amerikalılara da evdən çıxmamaq tapşırılsaydı bunu insan haqlarının pozulması kimi qələmə verər, hay-küy salardılar. Yaxud Rusiyada adekvad tədbirlər görülməsi qərara alınsa idi bunu ruslar stalinizm metodu adlandırardılar. Ölkəmizdə də bundan radikallar istifadə etməyə, alət olmağa can atar, qondarma hüquq müdafiəçiləri də min hoqqadan çıxardılar.
Lakin, Çində eyni ilə qədim zamanlarda olduğu kimi insnlar tez və operativ şəkildə, səfərbər oldular və bunu anlayışla qarşıladılar. Eyni zamanda dözüm nümayiş etdirdilər. Çaxnaşma və məyusluq əvəzinə daha böyük fədakarlıq etdilər. Məsələn, minlərlə həkim könüllü olaraq yoluxmuş bölgələrə köçürüldü. Sanitariya xidmətlərindən istifadə edildi, onun tələblərinə isə ciddi şəkildə əməl olundu. Uhan koronavirusunun ocağında on bir milyon sakinin olduğunu da unutmaq lazım deyil. Bu qədər sayda insan dözüm nümayiş etdirdi. Küçədə yalnız qoruyucu maskalarda gəzməkdən də imtina edilmədi. Səkilər, şəhərin küçələri gündə bir neçə dəfə dezinfeksiya edildi.
Hər evin qapısı qarşısında qoyulan spirt salfetlər olan bir qutu diqqəti cəlb etməyə bilməz. Qapının əlcəyinə toxunan hər kəs özündən sonra həmin salfetlərlə digərlərinin yoluxmaması, mühafizə olunması üçün həm qapının əlcəyini, həm də özünü qorumaq üçün öz əllərini silirlər. Belə bir intizamı, sanitariya qaydalarına bu qədər həssaslığı hansısa ölkədə təsəvvür etmək mümkündürmü? Bunu heç “kapitalizmə qalib gələn” Rusiyada da, yaxud kapitalizmin ocağı sayılan, “Qoca qitə” adlanan Avropada da gözləmək olmazdı.
Etiraf edək ki, Çin indi maddi istehsal baxımından dünyada birinci yerdə olub. İndi orada çox şey dayandırılıb. Lakin qalan hissəsi belə, yeni koronavirus ilə mübarizə aparmaq da daxil olmaqla bütün həyati ehtiyacları təmin etmək üçün kifayət edir. Bu ölkənin çox böyük qüdrətə sahib olduğundan xəbər verir. Epidemiyanın başladığı Uhan şəhərində cəmi on gün ərzində bir neçə min çarpayılıq bir xəstəxana inşa edildi. Xəstəxana minlərlə hazır blokdan quruldu, hansı ki, həmin bloklar kiçik kəndlərdə qurulan tibb məntəqələrindən yığıldı. Bu yığılan bloklar elə bir möhtəşəm xəstəxana görünüşü yaratmasa da həkimlərin faəliyyəti üçün yetərli hesab olundu. Daha konkret olaraq ifadə etsək Çinin əhalisi yeni koronovirusa ləyaqətlə, intizamla, səbrlə dirəniş göstərdi və nəticəsinin də tezliklə müsbət olacağına indi bütün tədqiqatçılar inanırlar. Əbəs yerə deyil ki, virusun aradan qalxmasına cəmi iki həftə müddət də təyin edilib.
Məsələ burasındadır ki, Çində yaşayan insanlar bu virusa digər dünya ölkələrinin vətəndaşları, belə görünür ki, heç ümumilikdə yer planetinin sakinləri kimi yanaşmadılar. Tam sakit, lakin düşünülmüş şəkildə mübarizəyə qalxdılar və qorxudan çox mühafizəyə üstünlük verdilər. İndi tədqiqatçıların proqnozları bunu deməyə əsas verir ki, nəticələr müsbətdir və virus aradan qaldırılır. Amma bütün dünyada yayılan panika tamamilə tərs mütənasib şəkildə inkişaf edir. Belə demək mümkünsə, epidemiya enişdə, panika isə yüksəlişdədir.
Bu məqamda xatırlatmaq yerinə düşərdi ki, Tramp, səksəninci illərdən bəri ucuz işçi qüvvəsi olan bölgələrə, daha dəqiq desək, əksər hissəsi Çinə daşınan Amerika Birləşmiş Ştatlarının istehsalına qayıtmaq vədi ilə prezident seçilib. Bunun üçün, xüsusən də hər hansı bir səbəblə rüsum və sanksiya ilə idxalı bağlayır. ABŞ prezidenti artıq dördüncü ildir ki, Çin ilə iqtisadi müharibə aparır. Çox güman ki, “dəhşətli virus” kimi təqdim olunan səbəbdən rəqibinin sənayesinin dörddə bir hissəsinin dayanması bu ölkə üçün göydən düşmə hesab olunur. Belə olan halda, bundan necə istifadə etmək planı Amerikanı, onun qeyd olunan şərtlə seçilən prezidentini necə düşündürməyə bilər?
Epidemiya barədə xəbərlər, “dəhşətli virus“ haqda informasiyalar silaha çevrildi və məhz Çinə tuşlandı. Çində "hamımız ölürük" üslubunda dəhşətli hekayələri tərənnüm edən videolar paylaşıldı. Gözlənildiyi kimi, Çin şirkətlərinin səhmləri çökdü. Etiraf etmək lazımdır ki, Çin illər, bəlkə də onilliklər gerilədi. Bu ölkənin iqtisadiyyatına tutarlı zərbə dəydi. Maraqlıdır, bütün bu arqumentlərdən sonra bunun təsadüfi hadisələr silsiləsi olduğunu hələ də inanan varmı?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB