Özbəkistan Prezidenti ABŞ-ın Dövlət katibi Maykl Pompeonu qəbul edib

Özbəkistan Prezidenti ABŞ-ın Dövlət katibi Maykl Pompeonu qəbul edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeonu qəbul edib.

SİA Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə ölkələr arasında ticarət-iqtisadi, sərmayə qoyuluşu, energetika, texnologiya, maliyyə, aqrar, təhsil, hüquq-mühafizə və mədəni-humanitar sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi məsələləri müzakirə edilib.

Şavkat Mirziyoyev Özbəkistan-ABŞ çoxplanlı münasibətlərinin dinamik inkişafını, bu əlaqələrin son illərdə daha da sabitləşdiyini razılıq hissi ilə qeyd edib.

Tərəflər 2018-ci ilin may ayında Şavkat Mirziyoyevin ABŞ-a tarixi səfəri çərçivəsində əldə edilən razılaşmalardan, iki dövlət arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafından söhbət açıblar.

Maykl Pompeo Özbəkistan Prezidentinin ölkədə apardığı demokratik dəyişiklikləri və iqtisadi islahatları yüksək qiymətləndirib.

Bildirilib ki, son illərdə ölkələr arasında əmtəə dövriyyəsi iki dəfə artıb. ABŞ-ın aparıcı şirkətlərinin iştirakı ilə Özbəkistanda perspektivli layihələr həyata keçirilir. ABŞ-ın Özbəkistan iqtisadiyyatına qoyduğu sərmayə 1 milyard dolları keçib.

Söhbət zamanı Əfqanıstandakı vəziyyətin dinc yolla həll edilməsi, bu ölkənin Mərkəzi Asiyadakı regional əməkdaşlığa cəlb olunması barədə ətraflı fikir mübadiləsi aparılıb. Dövlət katibi Əfqanıstanda sülhün və sabitliyin əldə edilməsi, sosial-iqtisadi sahədə infrastruktur layihələrinin həyata keçirilməsi üçün Özbəkistanın səylərinə dəstək verdiklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə