Keçmiş Amerika Birləşmiş Ştatları Müdafiə Katibinin müavini Qrəhəm “Fukidid tələsi” terminini dövriyyəyə buraxıb. O, iddia edir ki, 2500 il əvvəl bu qədim Yunan tarixçisinin təsvir etdiyi hadisələrdən bəri, böyük müharibələrin əsas səbəbi mövcud böyük bir gücün ciddi bir rəqib olacağından qorxmasıdır.
ABŞ-ın Çinlə iqtisadi müharibəsi də istisna deyil. Maliyyə baxımından ABŞ hələ də dünyada birinci yerdədir, lakin Çin dünya bazarında tələb olunan malların istehsalında çoxdan irəlidəyib. Çin hətta bu malların özünün artan payını də inkişaf etdirir. Buna görə də Trumpın Amerika daxilində istehsalın canlanmasını istəməsi təbii haldır.
NATO özü “Avropanın müdafiəsi 2020” təlimlərinə hazırlaşır. Rəsmi tapşırıq düşmənçilik şəraitində qarşılıqlı fəaliyyət və təsir göstərməkdir. Təlimlərin ssenarisinə görə, iddia edilən rəqib, hərbi gücünə görə bütün NATO ilə müqayisə edilən Şərqi Avropa ölkəsidir.
Əslində, istər ABŞ kimi hər zaman hegemonluq və birincilik iddiasında olan ölkənin, istərsə də “Qoca qitə” kimi tanınan Avropanın narahatlığı təkzib edilə bilməz. Çünki, şərq ölkəsi olan Çin artıq çoxdandır ki, Avropanın da, Amerikanın da yuxusunu ərşə çəkib. Bu ölkə öz istehsalı, emalı, ticarəti və yekunda, iqtisadiyyatı ilə kobud şəkildə desək, Avropanın da, Amerikanın da gözünü çıxardığı sirr deyildi. Avropalıların da, amerikalıların da bu balaca boylu çinlilərin böyük sürətlə onları ötüb keçdiyini qəti həzm etmək fikrində olmadığı sonda öz təsdiqini tapdı. Bu, nədənsə ancaq Çinə və çinlilərə şamil olunan və koronovirus kimi vahimə, qorxu saçan mərəzdə və çinlilərin nəinki iqtisadiyyatının, hətta özlərinin də bütün dünyada sıxışdırılmasında özünü açıq-aşkar göstərdi.
Əvvəla, Birləşmiş Ştatların da, Avropanın ən qabaqcıl şirkətlərinin də Çində qərarlaşması diqqəti cəlb etməyə bilməz. Təsəvvür edəndə ki, İtaliya ayaqqabıları, yaxud Finlandiya kostyumları Çində istehsal olunur “Qoca qitə” sakinləri bir yana, adamın üzü də təəccüb və bir az da maraq içərisində qalır. Düşünürsən ki, axı bu necə olur? Bunun isə çox sadə bir cavabı və izahı var ki, o da məhsulun maya dəyərinin aşağı olmasına olan maraqdır. Yəni, Avropanın hərhansı bir ölkəsində
işçi qüvvəsindən tutmuş, istehsal müəssisəsinin, yaxud sahəsinin icarəsinə, vergi rüsumlarına qədər tələb olunan maliyyə məsrəfləri Çində tələb olunan məsrəflərlə eyni deyil. Hətta fantastik dərəcədə fərqlidir. Daha dəqiq desək, Çin bu baxımdan məhsulların az məsrəflərlə istehsal edilməsi üçün ən optimal yerdir. Avropada bir müəssisənin məsrəfləri ilə bu şərq ölkəsində bəlkə də onlarla müəssisənin fəaliyyətini qurmağın mümkünlüyü təbii şəkildə sahibkarları, hətta Avropa sahibkarlarını da, Amerika iş adamlarını da bu ölkəyə, çinə cəlb edib. Bir sözlə, sahibkarların belə bir münbit ölkəni seçməsi tam təbii və anlaşılandır.
Məsələ burasındadır ki, Avropanın, Amerikanın sahibkarlarının öz ölkəsində deyil, Çində fəaliyyət göstərməsi onların özləri üçün də daha sərfəlidir. Baxmayaraq ki, bu özü də əhəmiyyətli dərəcədə təsir imkanlarına malikdir, amma ucuz işçi qüvvəsi əlbəttə ki, müzakirə mövzusu ola bilməz və məqsəd sahibkarlığın inkişafının Çində sürətlə inkişafını etiraf etməkdən ibarətdir. Bu etirafı əslində, hamıdan əvvəl amerikalılar da, avropalılar da öz qısqanclıqları ilə etdilər. Ya zəlzələdən, ya vəlvələdən fərqi yoxdur, Çinə elə bir “qara yaxıldı” ki, bu ölkənin nəinki işkişafı, hətta yaşayışı da necə deyərlər tamamilə baş-ayaq oldu.
Çinə nə oldu yox, nə olmadı ki, sualını qoysaq daha düzgün olar. Dövlətlərin mütləq əksəriyyəti təhlükəsizliyini təmin etmək məqsədi ilə bu ölkə ilə əlaqələrini kəsdi. Gediş-gəlişə, hətta Çində istehsal olunan məhsulların daşınmasına belə qadağa qoyuldu. Nəticədə, Çin bütün ölkələrdən təcrid olundu. Çinin istehsalı da, ticarəti də, nəticədə iqtisadiyyatı da iflic vəziyyətinə düşdü. İndi çinlilər bu boyda dünyada bir ölkədə belə normal şəkildə qarşılanmır. Hər bir ölkədə çinli potensial xəstəlik və təhlükə mənbəyi kimi qəbul olunduğu təqdirdə Çinin hansı əlaqələrindən və hansı inkişafından söhbət gedə bilər?
Araşdırma və tədqiqatlara, eləcə də alimlərin fikrinə görə indi gündəmi zəbt edən koronavirus adlı bəla belə məlum olur ki, yalnız çinlilərə aiddir. Həmin virus Çində peyda olduğu kimi daha çox da çinlilərə təsiri ilə seçilir. Bir çox ölkələrdə bu xəstəliyə yoluxanların sayı bir neçə nəfər olduğu halda, Çində yoluxanların sayı 6 mindən yuxarıdır. Ölənlərin sayı da analoji olaraq digərlərindən artıqdır. Maraqlı məqamlardan biri də məhz budur və sual doğurur ki, görəsən nəyə görə “virus özü Çini seçib”?
Məsələ burasındadır ki, virusun hansısa ölkəni seçməsi mümkünsüzdür və deməli, belə bir seçimi virus deyil buna maraqlı olanlar edib. Maraqlı olanlar da sözsüz ki, Çinin inkişafını həzm edə bilməyənlərdir. İndi bu gözügötürməməzliyin acı nəticələri hər yer yerdə təzahür edir. Çin belə acınacaqlı təzahürlərin episentrindədir və daha ağır itgilər vermək məcburiyyətindədir.
Görəsən, acınacaqlı nəticələrlə qarşılaşan təkcə Çindirmi? Bu virus adlı bəlanın ağır itgisi ilə təkcə Çin qarşılaşıbmı? Əsla yox. Peyda olan, yaxud, ortaya atılan bu virus dünyanın nəhəng dövlətlərinə də təsirsiz ötüşmür. Qeyd etdiyimiz iş adamlarının, avropalı, amerikalı sahibkarların çətinliklə, ən azından dilemma ilə qarşılaşdıqları günün reallığıdır. Həmin sahibkarların özlərinin belə istehsalı da, ticarəti də dayanıb, durub. Heç şübhəsiz ki, bunu onlar da arzu etməzdilər.
Digər tərəfdən istehlakçılar özləri də zərərçəkənlər arasındadır. Nəzərə alsaq ki, sərf olunan məsrəflərin, yekunda məhsulun maya dəyərinin qeyd olunan səbəblərdən aşağı olması onların satış qiymətinə də əhəmiyyətli dərəcədə təsir edirdi, deməli, bu vəziyyət istehlakçıların özlərinin də ürəyincə ola bilməz. Beləki, əgər istehsalçılar Çində olan münbit şəraitdən, az məsrəflərlə məhsul istehsalından məhrum olarsa, məhsul istehsalı baha başa gələ bilər və bu da öz növbəsində, ən azından məhsulların satış qiymətinin artmasına, bahalaşmaya səbəb olar ki, istehlakçıları da məhz bu qane etməyəcək. Bu istər amerikalı olsun, istər avropalı olsun, istərsə də hansısa ölkə vətəndaşı, istər-istəməz belə bir bahalaşma ilə qarşılaşmaq məcburiyyətində qalacaq.
Bu yerdə etiraf etmək lazımdır ki, Çin iqtisadiyyatı dünya iqtisadiyyatında mühüm yer tutur və rolu da danılmazdır. Ölkəmiz də daxil olmaqla Çinlə bütün ölkələr ticarət əlaqələrinə malikdirlər və hər bir ölkə Çindən böyük həcmdə məhsul idxal edir. Sözsüz ki, bu məhsullar da ölkə vətəndaşlarının istehlak tələblərini təmin edir. İndi dünyada ən nəhəng ixracatçı olan Çinin belə bir vəziyyətə düşməsi nəticə etibarı ilə bütün dünya vətəndaşlarına təsirsiz ötüşməyəcək.
Əslində, Çinin əlaqələrinin, istehsalının, ticarətinin, iqtisadiyyatının çökməsinə, məhvinə hökm verən qüvvələr nəticədə özləri barədə də fərmana imza atıblar desək yanılmarıq. Daha dıqiq desək, Çinin hesabına məhsullarının istehsalını daha münbit şəraitdə reallaşdıran, Çinin əlaqələri hesabına ticarətini belə gücləndirən ölkələr özləri də bundan məhrum olmaqla qarşı-qarşıyadırlar. Bir növ, Çin üçün hazırlanan tələyə özləri də düşürlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB