Çində yeni koronovirusun səbəb olduğu sətəlcəm xəstəliyindən daha bir nəfər ölüb

Çinin Uxan şəhərində indiyədək aşkar edilməmiş yeni bir koronovirusun səbəb olduğu sətəlcəm xəstəliyindən ölənlərin sayı 2 oldu.

SİA Uxan şəhərinin səhiyyə komissiyasına istinadla xəbər verir ki, yanvarın 4-də səhhəti pisləşən 69 yaşlı kişi ayın 16-da ölüb. O, xəstəxanaya ağır miokardit və bir neçə orqanın funksiyasının pozulması diaqnozu ilə qəbul edilmişdi.

Komissiyanın məlumatına əsasən, indiyədək bu virusa 41 nəfərin yoluxması qeydə alınıb. Onlardan 12-si müalicə alaraq xəstəxananı tərk edib, 5-nin vəziyyəti ağırdır. Xəstəliyə yoluxanlarla yaxın ünsiyyətdə olan 763 nəfər tibbi nəzarət altındadır. Xatırladaq ki, yanvarın 11-də Uxan şəhərində koronavirusun yeni növünün səbəb olduğu sətəlcəmdən ilk insan ölümü faktı qeydə alınmışdı. Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur. Xəstəliyin kliniki əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərin döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub. İlkin tədqiqatlar göstərir ki, xəstəlik insandan-insana ötürülməyib. Sətəlcəmin səbəbi yeni koronavirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də naməlumdur.

Dünya Səhiyyə Təşkilatı xəstəliyin baş qaldırdığı Uxan şəhərinə səfər edərkən kəskin respirator xəstəlik riskini bir sıra vasitələrlə azaltmağı məqsədəuyğun hesab edir. Bunun üçün kəskin respirator xəstəliklərindən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq, xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra əlləri mütəmadi yumaq, canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanlarla yaxın təmasdan çəkinmək, kəskin respirator infeksiyasının simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamaq, öskürərkən və asqırarkən ağzı birdəfəlik istifadə üçün dəsmalla bağlamaq, əlləri yumaq lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...