Putin köklü dəyişikliklərin anonsunu verdi

Yanvarın 15-də Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə növbəti müraciətində ölkədə köklü dəyişikliklərin anonsu verilib. Rusiya lideri dövlət hakimiyyəti sisteminə əsaslı dəyişikliklər olunmasını təklif edib. Belə görünür ki, ölkədə prezident səlahiyyətləri azaldılacaq, əvəzində isə Federal Məclisin və Dövlət Şurasının səlahiyyətləri genişləndiriləcək.

Vladimir Putin çıxışında bildirib ki, ölkədə yeni Konstitusiya qəbul edilməsinə ehtiyac yoxdur və ali qanunun bir neçə bəndinə dəyişikliklər olunması kifayətdir. Ekspertlərin fikrincə, Prezidentin təklifləri 1993-cü ildə qəbul edilmiş Konstitusiyaya ən əsaslı dəyişikliklər olacaq. Bəs bunlar hansı dəyişikliklərdir?

Konstitusiya ölkənin hüquq məkanında prioritet təşkil etməlidir. Konstitusiyaya dəyişiklərə əsasən, məmurlar, deputatlar və digər vəzifəli şəxslərin xarici ölkənin vətəndaşı olması və ya xarici ölkədə yaşamaq hüququna malik olması qadağan ediləcək.

Prezidentliyə namizədlərlə bağlı da mühüm dəyişikliklər nəzərdə tutulub. Prezident olmaq istəyən şəxs Rusiyada ən azı 25 il yaşamalı (indi bu müddət 10 ildir) və nə namizədliyi dövründə, nə də ondan əvvəl xarici vətəndaşlığı olmamalıdır. Bundan əlavə, Konstitusiyanın bir şəxsin iki müddət seçilmə hüququ barədə bəndindən “ard-arda” sözü götürüləcək.

Rusiyada dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarından ibarət vahid publik hakimiyyət sistemi yaradılacaq.

Digər yenilik isə Dövlət Şurasının statusu ilə bağlıdır. Bu, Rusiya Prezidenti yanında məşvərətçi orqandır. Vladimir Putin Dövlət Şurasının statusunu Konstitusiya ilə müəyyənləşdirməyi təklif edib. Dövlət başçısının rəhbərlik etdiyi Dövlət Şurasına parlamentin hər iki palatasının nümayəndələri, prezidentin səlahiyyətli nümayəndələri, regionların başçıları daxildir. Politoloqların rəyinə görə, gələcəkdə Dövlət Şurası icra hakimiyyəti strukturunun bir hissəsinə çevriləcək.

Rusiya Federal Məclisinin səlahiyyətləri genişləndiriləcək. Federal Məclis Rusiya Federasiyasının parlamentidir. Bu orqan Dövlət Duması (aşağı palata) və Federasiya Şurasından (yuxarı palata) ibarədir. Federal Məclis hökuməti formalaşdıracaq. Əvvəllər Baş Nazir Dövlət Duması ilə razılaşdırılaraq Prezident tərəfindən təyin edilirdi. İndi Dövlət Duması həm də Baş Nazirin namizədliyini təsdiq edəcək və həmin namizədin təklifi ilə hökumət üzvləri seçiləcək. Prezidentin Baş Nazirin namizədliyini rədd etmək hüququ olmasa da, onu işdən azad etmək səlahiyyəti qalacaq.

Güc strukturlarına gəldikdə isə prezident bu qurumların rəhbərlərini Federasiya Şurası ilə razılaşdırdıqdan sonra təyin edə biləcək. Eyni zamanda, Silahlı Qüvvələrə komandanlıq və ölkənin bütün hüquq sisteminə nəzarət də Prezidentin əlində qalacaq.

Vladimir Putin Federal Məclisə müraciətində qeyd edib ki, Konstitusiyaya düzəlişlər qanunun fundamental əsaslarına toxunmur və deməli, vətəndaşların səsverməsi əsasında parlament tərəfindən təsdiqlənə bilər. Yaxın vaxtlarda Rusiya Prezidentinin səsvermənin keçirilmə qaydaları və vaxtı barədə Fərman imzalayacağı gözlənilir. Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, söhbət referendumdan yox, səsvermədən gedir, çünki dəyişikliklər Konstitusiyanın təməl bəndlərinə aid deyil.

Rusiya Prezidenti Konstitusiyaya dəyişikliklərin hazırlanmasına dair işçi qrupun yaradılması barədə artıq Sərəncam imzalayıb. Qrupa Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin sədri Andrey Klişas, Dövlət Dumasının Dövlət quruculuğu və qanunvericilik komitəsinin sədri Pavel Kraşennikov, Rusiya Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun direktoru Taliya Xabriyeva başçılıq edirlər. Qrupa bütövlükdə 70 nəfər daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə