Gürcüstanın eks prezidenti: “Metsamor AES-i region üçün faciə törədə bilər”
Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze ölkənin hakimiyyət dairələrinə təcili olaraq Metsamor AES-inin təhlükəsizliyi ilə bağlı Ermənistanla danışıqlara başlamağı tövsiyə edib. SİA-nın xəbərinə görə, Gürcüstanın sabiq prezidenti Ermənistan ərazisində yerləşən AES-in acınacaqlı vəziyyətdə olduğunu deyib: "Həmin bu Atom Elektrik Stansiyasında təhlükəsizlik sistemi köhnəlib. Heç kəs zamin dura bilməz sabah bu AES region üçün faciə törətməyəcək".
Beynəlxalq Atom Enerjisi Təşkilatı və Avropa Birliyinin məlumatlarına görə, Ermənistandakı AES dünyadakı ən təhlükəli nüvə stansiyalarından biridir. Ermənistan 2001-ci il yanvarın 25-də Avropa Şurasına üzv olarkən 2004-cü ilədək stansiyanı bağlamaq öhdəliyini götürsə də bu günədək öhdəliyi yerinə yetirməməkdə israr edir. Dünyada dördüncü nəsil stansiyaların istifadəsinə başlanıldığı bir vaxtda Metsamor AES ikinci nəsil mərkəzdir və dünyada istifadəsi dayandırılıb.
Qeyd edək ki, 1976-cı ildə fəaliyyətə başlayan Metsamor AES Ermənistanın paytaxtı Yerevandan 30 kilometr qərbdə, seysmik aktiv bölgədə yerləşir. 1988-ci ildə Spitakda baş vermiş dağıdıcı zəlzələdən sonra Ermənistan rəhbərliyi AES-in fəaliyyətini dayandırmaq qərarına gəlib. Lakin iqtisadi çətinliklər 1993-cü ildə rəsmi Yerevanı Metsamor AES-i yenidən işə salmağa vadar edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB