NATO İranın hücumuna qarşı

NATO baş katibi Yens Stoltenberg, İran hərbi qüvvələrinin ABŞ bazalarına və İraqdakı koalisiyaya hücumlarını qınayıb və alyans nümayəndəsi İranı növbəti zorakılıqlardan çəkinməyə çağırıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə baş katib Twitter səhifəsində qeyd edib.

"İranın ABŞ qüvvələrinə və İraqdakı koalisiyaya raket hücumlarını qınayıram. NATO İranı növbəti zorakılıqlardan çəkinməyə çağırır", deyə NATO baş katibi bildirib.

Xatırladaq ki, ötən həftə ABŞ hərbçiləri Bağdadın bir hava limanına raket zərbəsi endirərək iranlı general Kassem Süleymanini öldürdülər və İran da Vaşinqtondan qisas almaq niyyətini gizlətmədi. Donald Trump isə qeyd etdi ki, amerikalılara hücum olarsa, ordu İrandakı 52 hədəfə "sürətli və güclü zərbə" vuracaq.

Çərşənbə axşamı, Süleymaninin öldürülməsi ilə əlaqədar qisas əməliyyatının başlandığı elan edildi və Tehran İraqın qərbindəki Eyn Əsəd bazasına və ABŞ ordusunun kontingentinin yerləşdiyi Ərbildəki bazaya raket zərbələri endirdi.

Onu da qeyd edək ki, bundan əvvəl Sputnik radiosu Federasiya Şurasının İranın hücumundan sonra vəziyyəti qiymətləndirdiyini bildirmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə