Qasırğa Madaqaskarda 9 nəfərin həyatına son qoyub

“Belna” qasırğası Madaqaskarda doqquz nəfərin həyatına son qoyub, üç nəfər isə itkin düşüb. Associated Press informasiya agentliyi xəbər verir ki, siklon nəticəsində, həmçinin 1,5 min nəfərə yaxın insan evsiz qalıb. Qasırğa ölkənin qərbində yerləşən Soalala şəhərindəki binaların 80 faizinin damını uçurub. Zərər çəkən əhali müvəqqəti olaraq məktəb, məscid və idarələrin binalarına yerləşdirilib. Siklon səbəbindən yollar dağılıb, şəhərdə suyun səviyyəsi artmaqda davam edir. Ölkənin Baş naziri Kristian Ntsey təbii fəlakətin vurduğu zərəri qiymətləndirmək üçün Soalala şəhərinə gedib.

Meteoroloqların məlumatına əsasən, siklon çərşənbə gününədək davam edəcək. Qasırğanın ardınca leysan yağışları və güclü külək gözlənilir. Qeyd edək ki, bir qədər əvvəl “Belna” siklonu Fransanın Mayotta departamentindən 100 kilometr aralı keçib. Yerli hakimiyyət orqanları sakinlərə evlərindən çıxarkən diqqətli və ehtiyatlı olmağı tövsiyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə