Yaponiyada növbəti yeraltı təkanlar baş verib

Yaponiyada növbəti yeraltı təkanlar baş verib

Yaponiyanın Hönsü adası sahillərində ardıcıl olaraq növbəti 7 zəlzələ baş verib. Yeraltı təkanların gücü müvafiq olaraq 6,8, 6,4, 7,1, 6,3, 6,3, 6,3 və 6,1 bal təşkil edib. SİA-nın xəbərinə görə, eyni zamanda Yaponiyada baş verən 9 bal gücündə zəlzələnin qurbanlarının sayı artmaqdadır. Artıq təbii fəlakət zamanı ölənlərin sayı 92 nəfərə çatıb. Bu rəqəmin artacağı istisna olunmur. Çoxlu sayda insan itkin düşüb.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 09:46-da və 10:06-da Yaponiyanın Hönsü adası sahillərində bir-birinin ardınca 2 zəlzələ baş verib. Yeraltı təkanlardan dərhal sonra Miyagi prefektura sahillərində sunami baş verib və dağıntılara səbəb olub. Bildirilir ki, dalğa sahil ətrafında olan nəqliyyat vasitələrini dənizə aparıb, yaşayış evlərinə və "Sendae" aeroportuna ziyan vurub. Zəlzələ ilə əlaqədar Miyagi prefekturasında yerləşən AES-in fəaliyyəti dayandırılıb.

Ümumilikdə çoxlu sayda tikililərin dağıntıya məruz qaldığı, yanğınların baş verdiyi bildirilir. Sunaminin Kuril adalarında da baş verəcəyi proqnozlaşdırılır. Yaranmış vəziyyətlə əlaqədar həmin ərazilərdən 300 insanın təxliyyəsi həyata keçirilir. "Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi" Yaponiya, Rusiya, həmçinin, Markus və Şimali Mariana adalarında sunami təhlükəsinin olması barədə xəbərdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə