"Sülh Çeşməsi" əməliyyatı işğal deyil, terrorçulara qarşı əməliyyatdır

Sülh Çeşməsi əməliyyatı ilə bağlı "Türkiyə Suriya torpaqlarını işğal edir" iddialarının həqiqətə uyğun olmadığı ölkəmizin yüksək vəzifəli şəxsləri tərəfindən tez-tez dilə gətirilir. Türkiyənin Müdafiə Naziri Hulusi Akar əməliyyatın keçirilmə səbəbinə bir daha aydınlıq gətirib. SİA-nın verdiyi xəbərə görə, Türkiyənin Müdafiə Naziri Hulusi Akar CNN International kanalına açıqlamasında Türkiyənin Suriya və digər qonşularının siyasi birliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirib: "Biz Sülh Çeşməsi əməliyyatını həyata keçirərkən hər hansı bir işğal, müdaxilə və ya başqa bir şey etmirik. Burada ancaq terror təşkilatlarına qarşı əməliyyat keçiririk".

YPG/PKK terror təşkilatının çəkilməli olduğu ərazilərdən hələ də çəkilmədiyini xatırladan H.Akar qeyd edib ki, "Həm Rusiya, həm də ABŞ YPG/ PKK-nın bu ərazilərdən çıxarılacağını vəd edib. Yəni onlar həm əməliyyatın keçirildiyi bölgədən, həm də həmin bölgənin şərqindən və qərbindən çıxarılmalı idi. Ancaq hələ də YPG terrorçuları tərəfindən yol verilən çox sayda pozuntu halları var və biz onlara qarşı mübarizə aparırıq. Eyni zamanda Rusiya və ABŞ ilə əməkdaşlıq edərək YPG/PKK-nı həmin ərazilərdən çıxarmalarını tələb edirik".

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə