Qəddafinin geridə qalan 42 ili

Oxuyub-yazmağı bilməyən bir bədəvi çobanının oğlu Muammer Qəddafi 1969-cu ildə ölkənin ilk müstəqil lideri Kral I İdrisə qarşı digər zabitlərlə birlikdə həyata keçirdiyi dinc hərbi çevrilişdən sonra iqtidara keçdi. Həmin vaxt 27 yaşında olan Qəddafi Liviya ordusundakı ən yüksək status olan polkovnik rütbəsinə yüksəldi. Daha sonra özünü silahlı qüvvələrin baş komandiri və Liviyanın de-fakto lideri elan etdi.

 

Qəddafinin iqtidara gəlməsinin arxasında isə Bəsrə körfəzindən Atlantik okeanına qədər uzanan bir coğrafi ərazidəki ərəb ölkələrini bir araya gətirmənin xəyali var idi. Xüsusilə, 1950-ci illərin sonlarında və 1960-cı illərdə Misirin əfsanəvi lideri Camal Əbdül Nasir tərəfindən irəli atılan bu fikir Qəddafi və bir çox liviyalı zabitə də ilham verdi.

 

Hakimiyyətinin ilk illərində Qəddafi öz sözləri ilə desək "ərəb xalqlarını bölmək üçün müstəmləkə güclərinin müəyyən etdiyi sərhədləri" aradan qaldırmaq üçün çalışdı. Ərəb Respublikaları Federasiyanının təşkilində əhəmiyyətli rol oynayan Qəddaf, Liviya, Misir və Suriyanı eyni dam altında yığdı. Misir dövlət başçısı Ənvər Sədat, Qəddafi və Suriya dövlət başçısı Hafiz Əsad ittifaq razılaşmasına imza atır. Ancaq bu federasiya faydalı olmadı və bir müddət sonra ölkələr arasındakı münasibətlər pozuldu.

 

5 aprel 1986-cı ildə ABŞ əsgərlərin olduğu gecə klubunda partlayış törədildi. Hücumun Muammer Qəddafi ilə bağlılığını göstərən dəlillər tapılmadı. Ancaq ABŞ prezidenti Ronald Reyqan hesab etdi ki, keçmişdə ABŞ hərbi qüvvələrinin Liviya gəmilərinə etdiyi hücumlara görə, Qəddafi intiqam alır. Bundan son dərəcə qəzəblənən Reyqan Qəddafi üçün "Orta Şərqin quduz iti" ifadəsini işlətdi və ABŞ döyüş təyyarələrinə Liviyada bəzi hədəfləri vurma əmrini verdi. Bu hədəflər arasında Qəddafinin Trablusdakı evi də var idi. Bombalamalar nəticəsində Qəddafinin övladlığa götürdüyü Hanna Qəddafi adındakı körpə həyatını itirdi.

 

Liviyanın bombalanmasından iki il sonra, 1988-ci ilin dekabr ayında "Pan American" hava yollarına aid sərnişin təyyarəsi Şotlandiyanın Lokkerbie qəsəbəsi üzərində partladı. Günahkarlar olaraq iki liviyalı agent üzərində dayanıldı: Əbdülbəsit Əl-Meqrahi və Lamin Fimah. 1999-cu ilə kimi Qəddafi onları ABŞ-a verməkdən imtina etdi. Səkkiz ay davam edən məhkəmə prosesindən sonra Meqrahi ömürlük həbsə məhkum edildi, Fimahın günahı isə sübut olunmadı. 2008-ci ilin avqustuna kimi həbsdə olan Meqrahi xərçəng xəstəliyinə görə, azadlığa buraxıldı.

 

Qəddafi ölkəsini dəmir yumruqla idarə edir. Daha əvvəllər onu hədəf alan bir çox sui-qəsd cəhdinin və iqtidarının sonunu gətirəcək bir çox hücumun qarşısını ala bildi. O, Liviyanın neft ehtiyatlarından əldə edilən böyük gəlirləri vətəndaşlarının yaxşı yaşaması üçün istifadə etsə də ölkə iqtisadiyyatı hələ də aşağı məhsuldarlıq və xroniki durğunluq problemləri ilə üz-üzədir.

 

Qəddafinin hərbi rütbəsi 40 ildir dəyişməsə də "inqilabın lideri və rəhbəri", eyni zamanda Ümumi Xalq Konqresinin baş katibi, baş nazir və İnqilab Şurasının rəhbəridir. Çox böyük bir sərvəti və onlarla sarayı olmasına baxmayaraq, Qəddafi Trablusdakı evinin yaxınlığında qurduğu bədəvi çadırını seçir. Bu hal onun xarici səfərləri üçün də keçərlidir. Qəddafi Roma, Paris, Dohada, həmçinin 2009-cu il mart ayında Venesuella prezidenti Hüqo Çaveslə görüşü vaxtı çadırını qurub. BMT-də çıxışı zamanı isə onun çadır qurmaq istəyinə mənfi cavab verildi.

 

Ötən 10 ildə Qəddafi Liviyaya tətbiq olunan iqtisadi sanksiyaları aradan qaldırmaq üçün çox çalışıb. Bunun üçün o, 1999-cu ildə Lokkerbie hücumu ilə əlaqədar iki nəfəri təslim etdi, daha sonra da 2003-cü ildə BMT-yə göndərdiyi məktubda "liviyalı səlahiyyətlilərin hadisə ilə əlaqədar məsuliyyətini" rəsmi olaraq qəbul etdi. O vaxtdan Toni Blayr (2004), Nikolas Sarkozi (2007) və Kondaliza Raysla (2008) görüşdü. Qəddafi 2008-ci ilin iyulunda İtalyada "G-8"lərin toplantısına qatıldı. İqtidarda olmasının 40-cı ildönümünü qeyd olunması üçün Qəddafinin bir çox əsasları var idi. ABŞ-la əlaqələri yenidən qurdu, iqtisadi sanksiyaları qaldırdı, böyük bir neft razılaşması üçün müzakirələrini davam etdirdi, Afrika Birliyinin başçısı idi, ölkəsi BMT Təhlükəsizlik Şurasında kreslo sahibi idi və iqtidara gəldiyindən bu yana ABŞ-a etdiyi ilk səfərində BMT-də çıxış etdi. Amma nə olsun? Xalq ondan imtina edir.

Bütün xəbərlər Facebook səhifəmizdə