Yaponiya-Rusiya müzakirələri davam edəcək

Yaponiya-Rusiya müzakirələri davam edəcək

Yaponiya Rusiya ilə ərazi məsələsinin həlli və sülh müqaviləsinin imzalanması məqsədilə müzakirələri davam etdirəcək. SİA xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa avqustun 6-da ənənəvi mətbuat konfransı zamanı bəyan edib.

“Moskva ilə danışıqlar Yaponiya hökumətinin baza prinsipləri - ərazi mübahisəsinin həlli və bunun ardınca sülh müqaviləsinin imzalanması əsasında sıx şəkildə davam etdiriləcək”, - deyə Baş katib qeyd edib.

Bununla yanaşı, Y.Suqa bildirib ki, iki ölkə liderlərinin söhbətinin məzmununu açıqlaya bilməz, amma Ş.Abe ilə V.Putinin danışıqları zamanı “problemi gələcək nəsillərə saxlamamaq və öz əlləri ilə sülh müqaviləsini imzalamaq əzmini” təsdiq edə bilər. Baş katibin sözlərinə görə, liderlər qarşılıqlı maraq doğuran məsələlərin geniş spektrini müzakirə ediblər.

Xatırladaq ki, sentyabrın 5-də Vladivostokda Yaponiya və Rusiya liderlərinin 27-ci görüşü keçirilib. Yaponiyanın Baş naziri Şinzo Abe və Rusiya Prezidenti Vladimir Putin ikitərəfli məsələlərlə bağlı danışıqların noyabrda Çilidə keçiriləcək APEC sammiti zamanı davam etdirilməsi barədə razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə