Liviyada etirazların nəticəsi: 84 ölü

Liviyada etirazların nəticəsi: 84 ölü

Misir prezidenti Hüsnü Mübarəkin istefa verməsindən sonra Liviyada hakimiyyət əleyhinə başlayan etirazlar 84 adamın ölümü ilə nəticələnib. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu xəbəri Mərkəzi Nyu-Yorkda yerləşən İnsan Haqqlarına Nəzarət Təşkilatı xəstəxanada çalışanlara və digər şahidlərə istinad edərək açıqlayıb.

 

Media və internetə qadağaların tətbiq olunması ölənlərin sayı ilə bağlı müxtəlif informasiyaların ortaya çıxmasına səbəb olub. Dünən Beynəlxalq Əhf Təşkilatı ölkədə 46 adamın öldüyünü açıqlamışdı. Etirazlar davam etdiyindən itkilərin sayının artması da istisna edilmir.

 

Uzun illər İngiltərə və Fransanın müstəmləkəsi olan Liviya 1951-ci ildə müstəqillik əldə etdikdən sonra birbaşa xalq idarəçiliyi anlamına gələn Cəmahiriyə sistemi ilə idarə olunur. "İnqilab lideri" adlandırılan dövlət başçısı Muammar Qəddafi ölkəni 2 mart 1977-ci ildə Cəmahiriyə sisteminə keçirib. M.Qəddafi 1969-cu ildə Kral İdrisə qarşı etdiyi qiyamdan sonra polkovnik rütbəsi alıb. O, qiyamdan sonra İnqilab Şurasının rəhbəri olub. Bir il sonra isə həm baş nazir, həm də müdafiə naziri vəzifələrini ələ keçirib.

 

Liviya 1971-ci ildə yeganə siyasi partiya olan Ərəb Sosialist Partiyasının yaradılmasından sonra 1972-ci ildə baş nazir postunu təhvil verən Qəddafi 1976-cı ildə özünü dövlət başçısı elan edib. Liviya 1977-ci ildə Cəmahiriyə sisteminə keçdikdən sonra 1979-cu ildə bütün vəzifələrindən istefa verərək özünü sadə bir vətəndaş elan edən Qəddafi 1981-ci ildən indiyə kimi Silahlı Qüvvələrin Baş Komandiri vəzifəsini daşıyır.

 

Liviya lideri 1992-ci ildə ölkəni hər biri ayrı büdcəyə, qanunlara və icra strukturlarına sahib mindən çox yerə bölüb. Yerli idarələr və konqreslərə üzvləri Qəddafi tərəfindən seçilən İnqilab Komitəsi nəzarət edir. Qəddafi əsl demokratiya adlandırdığı Cəmahiriyə sisteminin "saxta parlamentarizm və qərb demokratiyasından daha müvəffəqiyyətli və demokratik olduğu" fikrini müdafiə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə