Yunanıstanı meşə yanğınları cənginə alıb

Yunanıstanın Evbey adasında dünən səhərdən başlayan meşə yanğınlarını söndürmək mümkün deyil. Alov yerli qoruğu məhv edir və yaxınlıqda yerləşən Stavros və Kondodespoti kəndlərinin sakinlərinə təhlükə yaradır. Yerli hakimiyyət orqanları hadisə yerinə inşaat texnikası daşımaqla yaşayış yerlərinə girəcək yollarda yanğındanmühafizə zolağı yaratmağa cəhd göstərirlər. Lakin yanğınsöndürənlər artıq əhalini təxliyə olunmağa səsləyiblər. Çünki güclü külək səbəbindən alov onların evi istiqamətində sürətlə yayılır. Alovun söndürülməsində 200-dən çox insan və 67 yanğınsöndürən maşın cəlb olunub. Həmçinin aviasiyadan – 5 helikopter və 6 təyyarədən istifadə olunur. Görülən bütün tədbirlərə baxmayaraq, təbii fəlakəti nəzarətə götürmək mümkün olmur. Güclü tüstü görünmənin pisləşməsinə səbəb olub. Adada bir sıra yollarda avtomobillərin hərəkəti dayandırılıb. Hətta Afinanın bəzi rayonları küləyin gətirdiyi tüstüyə bürünüb. Bu barədə “Euronews” xəbər verir.

Bununla yanaşı, Yunanıstanda azı dörd iri meşə yanğını şiddətlənməkdə davam edir. Fəlakətin yayılmasına 40 dərəcə Selsiyə çatan güclü istilər və sərt külək səbəb olur. Alov yaşayış məntəqələrinə və turizm komplekslərinə də təhlükə yaradır.

Ölkədə meşə yanğınları hər il baş verir. Bunun səbəblərindən biri kimi yanğın xidmətlərinin lazımi dərəcədə maliyyələşdirilməməsi və azaldılması göstərilir ki, bu da hakimiyyət orqanları tərəfindən böhran vəziyyətində qəbul olunan sərt iqtisadiyyatın fəaliyyət tədbirlərinin nəticəsidir. Ötən il 90-dan çox insan Yunanıstanda baş verən yanğınların qurbanı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə