Çinin valyuta ehtiyatı azalıb

Çinin xarici valyuta ehtiyatları iyulda əvvəlki ayla müqayisədə azalaraq 3,1037 trilyon ABŞ dolları səviyyəsinə düşüb. İyunda bu rəqəm 3,1192 trilyon dollar olub.

SİA “Çin Xarici Valyuta Administrasiyası”nın saytına istinadən xəbər verir ki, ölkənin valyuta ehtiyatları iyulda azalsa da, ilin əvvəli ilə müqayisədə bir faiz (31 milyard dollar) artıb.

Administrasiyanın rəsmisi Van Çunin xaricə valyuta axını, balanslaşdırılmış tələb və təklif fonunda ölkənin xarici valyuta ehtiyatlarının azalmasının normal olduğunu deyib. İyulda ABŞ dollarının indeksinin 2,5 faiz yüksəlməsi müxtəlif ölkələrin, o cümlədən Çinin milli valyutasının dəyərdən düşməsinə, habelə Çinin valyuta ehtiyatlarının azalmasına səbəb olub.

Qeyd edək ki, Çin dünyada ən çox xarici valyuta ehtiyatına sahib ölkədir.

Çinin qızıl ehtiyatı iyulda 320 min unsiya çoxalaraq 62,26 milyon unsiya səviyyəsinə çatıb. Qızıl ehtiyatlarında artım ardıcıl 8 aydır müşahidə olunur. Çinin qızıl ehtiyatı 88,88 milyard dollar səviyyəsində qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə