İranın paytaxtı Tehranda müxalifətin başladığı yürüşü dağıtmaq məqsədilə təhlükəsizlik gücləri gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. SİA-nın məlumatına görə, "Fars" xəbər agentliyi qarşıdurmalarda bir adamın öldüyünü xəbər verib. Yaralananlar olsa da onların sayı barədə informasiya açıqlanmayıb. Xəbərə görə, etiraz nümayişi əvvəlcə dinc keçib, ancaq bəzi nümayişçilərin rejim əleyhinə "diktatora ölüm" şəklində şüarlarla çıxış etməsi və zibil qablarını yandırması vəziyyəti gərginləşdirib.
Ölkənin üçüncü böyük şəhəri İsfahanda da polislə nümayişçilər arasında qarşıdurma baş verib. Onlarla adamın həbs olunduğu bildirilir. Məlumata görə, Şiraz şəhərində də nümayiş keçirilib.
Müxalifət liderlərindən olan Mirhüseyn Musəvi və Mehdi Kərrubi nümayiş üçün icazə istədiyi üçün ev dustağı edilib. Kərrubinin internet saytı "sahamnews.org"un xəbərinə görə, təhlükəsizlik gücləri müxalifət liderinin Tehrandakı evini mühasirəyə alıb, ona yaxınları ilə görüşməsinə icazə verilmir. Polis həmçinin bu gün keçirilməsi planlaşdırılan nümayişin qarşısını almaq üçün Mirhüseyin Musəvinin evin telefon xəttini kəsib. Musəvinin internet saytı Musavi və həyat yoldaşı Zəhranın Tehrandakı yürüşdə iştirak edə bilmədiyini yazıb.
ABŞ xarici işlər naziri Hillari Klinton isə İran müxalifətinə açıq dəstək verib. O, mətbuat konfransında iranlıların da Misirdə tələb edilən azadlıqlara layiq olduğunu bildirib. Klinton qeyd edib ki, İran rəhbərliyi Misir müxalifətinə dəstək verdiyi halda öz ölkəsində eyni haqqları tələb edən insanlara təzyiq etməməlidir.
Fars rejimi isə hesab edir ki, Qərbin kəşfiyyat orqanları İranda qarışıqlıq yaratmaq istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB