Rusiyadan sonra Çin də buğda ixracına qadağa qoymağa hazırlaşır

Rusiyadan sonra Çin də buğda ixracına qadağa qoymağa hazırlaşır

Keçən ilin sentyabr ayında Rusiyanın buğda ixracına qoyulan qadağanı uzatmasından sonra bu dəfə də Çin eyni addımı atmağa hazırlaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Şandong əyalətindəki quraqlıq Cini bu addımı atmağa məcbur edir.

 

Xatırladaq ki, Rusiya hökuməti ölkədən xaricə buğda ixracına qoyulan qadağanın müddətini 2011-ci il iyul ayının 1-dək uzadıb. Rusiyadan taxıl ixracına qadağa quraqlıq və məhsul yığımının az olacağı barədə proqnozlarla əlaqədar avqustun 15-dən tətbiq olunub. Hökumətin qərarı ilə qadağanın müddəti 2010-cu ilin sonunda bitməli idi.

 

Çinin şimal-şərqindəki Şandong əyaləti ölkənin ən çox taxıl istehsal olunan əyalətlərdəndir. Əyalətdə 200 ilin ən sərt quraqlığı qeydə alınıb. Çin Əkinçilik Nazirliyi ölkənin səkkiz bölgə və əyalətinə təsir edən quraqlığın bahar aylarında da davam edəcəyi xəbərdarlığını edib.

 

Çində yaşanan quraqlığın dünya buğda istehsalına və qiymətlərə təsir edəcəyi proqnozlaşdırılır. Buğda qiymətləri son 6 ayda qlobal istiləşmənin səbəb olduğu quraqlıq və normadan artıq yağışlar nəticəsində təxminən iki dəfə artıb. Dünya indiyə qədər belə bir vəziyyətlə qarşılaşmayıb. Çində bu il buğdanın tonu 463 dollara qalxıb. Dünya bazarlarında isə buğdanın bir tonunun qiyməti 400 dollar ətrafındadır. Qeyd edək ki, Çin 17 faizlik payla dünyanın ən çox buğda istehlak edən ölkəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə