Dünən gecə Misir xalqı, eləcə də dünya ictimaiyyəti Misirdəki hadisələrin başqa istiqamətdə hərəkət edəcəyini gözləsə də bu baş tutmadı. Belə ki, hamı prezident Hüsnü Mübarəkin dövlət televiziyası ilə çıxış edərək istefa verəcəyini düşünürdü. Mübarək gecə Misir dövlət televiziyası ilə xalqa müraciə etdi, amma istefa vermədi. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, xalqa müraciət edən Misir dövlət başçısı xarici təzyiqləri əsla qəbul etməyəcəyini ifadə edib və etirazçılara da "şəhidlərinizin qanı boşa axmadı" deyib.
H.Mübarək səlahiyyətlərinin çoxunu köməkçisi Ömər Süleymana təhvil verib. Ölənlərin ailələrinin ağrılarına ürəkdən şərik olduğunu söyləyən Mübarək növbəti prezident seçkisində namizəd olmayacağını yenidən dilə gətirib. Mübarəkin müraciətindən razı qalmayan Təhrir meydanındakı nümayişçilər isə "nə səni istəyirik, nə Süleymanı, nə də ordunu" şüarını səsləndirib.
Mübarək nümayişlərin tələblərini yerinə yetirmək üçün Konstitusiyanın 6 maddəsində dəyişiklik edilməsinin vacib olduğunu ifadə edib. O, situasiyadan asılı olaraq fövqəladə vəziyyətin də ləğv oluna biləcəyini deyib. Prezident müxalifəti də dialoqa dəvət edib. Mübarək bu dioloqun siyasi böhranın aradan qaldırılmasında vacib rol oynayacağını vurğulayıb. Mübarək nümayişlərdə zorakılığa yol verənlərin və soyğunçuluqda iştirak edənlərin cəzalandırılacağını ifadə etdi.
Prezidentdən sonra onun köməkçisi Ömər Süleyman da dövlət televiziyası ilə xalqa müraciət edib. "Evə dönün" çağırışı edən Ö.Süleyman iqtidarın dinc şəkildə ötürülməsi üçün əlindən gələnini edəcəyinə söz verib. Prezident köməkçisi dialoqun başladığını və bir "yol xəritəsi"nin müəyyən olunduğunu xalqın diqqətinə çatdırıb.
Təhrir meydanında Mübarəkin televiziya ilə çıxışını dinləyən münayişçilər onun dilindən "istefa" sözünü eşitmədikdən sonra "Erhal" (get) şüarı səsləndirməyə başlayıb. Nümayişçilərdən bəziləri Təhrir meydanından parlament və 6 Oktyabr körpüsünə doğru yürüş edib. Məlumata görə, bu gün Misirdə əvvəlkilərlə müqayisədə daha çox insanın iştirak edəcəyi nümayiş gözlənilir. Müxalifətin Təhrir, eləcə də ölkənin digər böyük meydanlarına 20 milyon insanı çıxaracağı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB