Rusiya prezidenti Dmitri Medvedevin 2010-cu ilin noyabr ayında mübahisəli Kuril adalarına səfərindən sonra Tokio ilə Moskva arasında yaranan gərginlik artır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Yaponiya baş naziri Naoto Kan Kuril adalarının qaytarılması tələbindən geri çəkilməyəcəyini bildirib.
Baş nazirin açıqlamasından sonra bir qrup yapon gənc Rusiyadakı Yaponiya səfirliyinin qarşısına gələrək Rusiya bayrağı üzərinə şüarlar yazaraq onu yerlə sürüyüb. Buna cavab olaraq Kreml tərəfdarı "Gənc gözətçilər" Yaponiya səfirliyi qarşısında Rusiya bayraqları ilə piket keçirib. "Samuray qüruru digər ölkələrin bayraqları ilə lağ etməyə icazə verirmi?" yazılmış plakatları daşıyan etirazçılar Tokiodan bayraq hadisəsi ilə əlaqədar üzr istənilməsini tələb edib. Rusiya bayrağına edilən hörmətsizlikdən sonra Rusiya Xarici İşlər Nazirliyi Yaponiyaya nota verib. Rusiya xarici işlər naziri Sergey Lavrov da Yaponiya baş nazirini açıqlamasına görə sərt şəkildə qınayıb. Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedevin 2010-cu ilin noyabr ayında mübahisəli Kuril adalarına səfərindən sonra Yaponiya Moskvadakı səfiri Masaharu Kononu geri çağırmışdı. Həftə sonu Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun Kuril adalarındakı 18-ci pulemyot və topçu diviziyasına baş çəkməsi gərginliyi daha da artırıb.
Yaponiyanın Xokkaydo adası ilə Rusiyanın Kamçatka bölgəsi arasında sıralanan Kuril adaları 56 adadan ibarətdir. Adalar İkinci Dünya Müharibəsinin sonunda Yaponiyanın atəşkəs elanına baxmayaraq keçmiş SSRİ tərəfindən işğal edilib. Həmin tarixdən də adaların taleyi müzakirə mövzusudur. Kuril adalarında zəngin balıq, mədən və neft-qaz yataqları var. 1300 kilometr uzunluğu olan adalarda təxminən 100 vulkandan 35-i hələ də aktivdir. Adalarda rus, ukraynalı, koreyalı və yapon kimi onlarla fərqli millətdən 30 min adam yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB