Sudanda etiraz aksiyasının dağıdılması 100 nəfərin ölümü ilə nəticələnib
Sudanın paytaxtı Xartumda müxalifətin çadır düşərgəsinin dağıdılması nəticəsində həlak olanların sayı 100 nəfərə çatıb.
SİA xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, 40 cəsəd Nil çayından çıxarılıb. Bundan əvvəl 60 nəfərin öldüyü bildirilirdi. Sudan həkimləri komitəsinin məlumatına görə, daha 326 nəfər yaralanıb.
Müxalifət keçid Hərbi Şurasını dinc aksiyanı dağıtmaqda ittiham edib və xalqı bütün ölkədə kütləvi etirazlara səsləyib. Hərbçilər isə öz növbəsində, bəyan ediblər ki, əməliyyat nümayişçilərə qarşı deyil, etirazçıların sıralarına soxulmuş cinayətkarların tutulmasına yönəlib.
Xatırladaq ki, iyunun 3-də səhər Xartumun mərkəzinə xüsusi təyinatlı qüvvələr yeridilib. Müdafiə Nazirliyinin və Baş komandanlığın mənzil-qərargahı önündəki etirazçılara odlu silahdan atəş açılıb. Toqquşmaların baş verdiyi meydan bağlanıb, yollarda ordu hissələri yerləşdirilib.
Qeyd edək ki, aprel ayında Sudanda baş vermiş hərbi çevrilişdən sonra ölkədə mülki hakimiyyət orqanlarının yaradılması tələbi ilə kütləvi etirazlar başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB