Venesuelanın Xarici İşlər naziri Xorxe Arreasa bu gün keçirilmiş "Maduroya dəstək" nümayişində bəyan edib ki, onun ölkəsi bu gündən etibarən rəsmi olaraq Amerika Dövlətləri Təşkilatının (ADT) üzvü deyil.
Əslində, Venesuelanın regional bloku tərk etməsi haqqında qərarı ölkə prezidenti Nikolas Maduro 2017-ci ilin aprelin 27-də vermişdi. Prezident ölkəsinin ADT-dan təcili çıxmasını tələb edirdi. Sadəcə olaraq, təşkilatın qanunvericiliyinə əsasən bu prosedur 2 il ərzində həyata keçirilir və bu gün Maduronun qərarının 2 ili tamam oldu. Maduro artıq bu hadisəni bayram kimi qiymətləndirib. ADT isə Maduronun prezident kimi yeni – 2023-cü ilin 10 yanvarına qədər davam edəcək səlahiyyətlərini tanımaqdan imtina edib.
Xorxe Arreasa özünə qarşı ABŞ Maliyyə Nazirliyinin tətbiq etdiyi sanksiyalara da münasibət bildirib: “Mənim bircə bank hesabım var. O hesab da Venesuela Dövlət Bankındadır və mən əmək haqqımı həmin hesabdan alıram. ABŞ hesab edir ki, bizə qarşı sanksiya tətbiq etməklə bizi qorxutmaq olar. Amma, əksinə, bu sanksiyalar bizə onlara qarşı siyasi döyüşdə duruş gətirmək üçün daha çox güc verir”.
Qeyd edək ki, Venesuelaya qarşı sanksiyalar 2015-ci ilin martından qüvvəyə minib. O zamankı ABŞ prezidenti Barak Obama amerikan diplomatların Venesueladan çıxarılmasından sonra bu ölkənin bir çox məmuruna qarşı sanksiyalar tətbiq etmişdi. Sonradan sanksiya siyahısı genişlənib. Ötən həftə isə Venesuelanın Xarici İşlər Naziri Xorxe Areasaya da maliyyə sanksiyaları tətbiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB