Misir tarixinin ən böyük etiraz nümayişinə hazırlaşır

Misir tarixinin ən böyük etiraz nümayişinə hazırlaşır

Misir xalqı ölkə tarixinin ən böyük antihökumət etirazına hazırlaşır. SİA-nın məlumatına görə, İngiltərənin "Guardian" qəzeti təşkil ediləcək etiraz nümayişində prezident Hüsnü Mübarəkin ən güclü rəqibi Məhəmməd əl-Baradeyinin yeni bir rejim çağırışı etməsinin gözlənildiyini yazıb.

 

Son 30 ildir ki, iqtidarda olan və ölkənin ən güclü müxalifət təşkilatı "Müsəlman Qardaşları"nın fəaliyyətini qadağan edən H.Mübarəkin bundan sonra hakimiyyətdə qalması çətin olacaq. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) sabiq rəhbəri, Nobel sülh mükafatı laureatı Məhəmməd əl-Baradeyi Misir prezidentini istefa verməyə çağırıb. O, bildirib ki, H.Mübarəkin nümayişçilərin tələbləri ilə razılaşmaq və istefa vermək vaxtı çatıb.

 

Məhəmməh əl-Baradeyi "Misir üçün əhəmiyyətli bir zamandır və mən Misir xalqının yanında olmaq üçün gəldim" deyib. Misirdəki mövcud rejimin dəyişməsini istədiyini ifadə edən Baradeyi bildirib ki, iqtidarda olan rejim insanların ehtiyaclarını dinləmir: "Əgər insanlar dövlət çevrilişində iştirak etməyimi istəyirsə, onlara arxamı çevirməyəcəyəm. Hökumətin insanlara qulaq asmasını istəyirəm. Artıq geriyə dönüş yoxdur. Ümid edirəm ki, rejim zorakılığa son verər, insanları həbs etməkdən imtina edər".

 

Etiraz aksiyalarını "Feysbuk" sosial şəbəkəsi vasitəsilə təşkil edən "Dəyişiklik hərəkatı" da Baradeyini dəstəklədiklərini bəyan edib. "Müsəlman Qardaşları" təşkilatı da Baradeyinin namizədliyinin irəli sürüləcəyi təqdirdə onu dəstəkləyəcəklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə