Qorbaçov parlament seçkilərində iştirak edəcək

Qorbaçov parlament seçkilərində iştirak edəcək

İndoneziyalı siyasətçi Mixail Qorbaçov Dom (Mikhail Gorbachev Dom) cari ilin 17 aprel tarixində keçiriləcək parlament seçkilərində öz namizədliyini irəli sürüb. SİA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, valideynlərinin keçmiş SSRİ prezidentinin şərəfinə adlandırdıqları gənc siyasətçi 1986-cı ildə anadan olub və ətraf mühit sahəsində araşdırmalarla məşğuldur.

Seçkilərə namizəd ad və soyadının tarixçəsi barədə də danışıb: “Valideynlərim əvvəlcə qız övladlarının dünyaya gələcəyini düşündüklərinə görə oğlan adı haqda fikirləşməyiiblər. Mən dünyaya gələndən sonra oğlan adı ətrafında müzakirələr aparan zaman mətbuatda Sovet Sosialist Respublikaları İttifaqı Prezidentinin adına rast gəliblər. Atam hesab edib ki, oğluna bu adı qoyması əla olar və beləcə, valideynlərimin bəyəndikləri siyasətçinin adı mənə qoyulub”.

İndoneziyalı hesab edir ki, hal-hazırda siyasətlə məşğul olduğundan adı və soyadı onun xeyrinə işləyən amillərdən biridir: “İnsanlar mənim üzümü yaddan çıxarsalar da heç vaxt bu adı unutmayacaqlar”.

Qeyd edək ki, 17 apreldə İndoneziyada keçiriləcək seçkilərdə tarixdə ilk dəfə olaraq prezident, vitse-prezident və deputatlar eyni gündə məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə