İsrail geri çəkilmədi

İsrailin 31 may 2010-cu ildə "Mavi Mərmərə" basqını ilə əlaqədar apardığı istintaqın ilk hissəsinin nəticəsi açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İsrailin hesabatında 9 Türkiyə vətəndaşını öldürən İsrail əsgərlərinin beynəlxalq hüquqa uyğun hərəkət etdiyi iddia olunub.

 

İsrailin Birləşmiş Millətlər Təşkilatının (BMT) apardığı istintaqa təqdim edəcəyi hesabatın 245 səhifəlik ilk hissəsində "Mavi Mərmərə hərbi bir hədəf idi" ifadəsi yer alıb. "Mavi Mərmərə" səfərini təşkil edən İnsan Hüquq və Azadlıqları Humanitar Yardım Fondu isə "İsrail ilə Həmas arasında sürən silahlı qarşıdurmada birbaşa əlaqəli olmaqda, planlı və həddindən artıq müqavimət göstərməkdə" günahlandırılıb.

 

Hesabatda israilli əsgərlərin gəmiyə çıxarkən hücuma məruz qaldıqları üçün müdafiə olunduqları bildirilib. İsrail Ali Məhkəməsinin keçmiş hakimlərindən Yaakov Turkelin başçılıq etdiyi komissiya hesabatı 7 aylıq bir işin nəticəsi olaraq hazırlayıb. Turkel hesabatın 100 səhifəlik hissəsinin İsrailin təhlükəsizliyinə görə gizli saxlanıldığını, istintaqda 11-i gizli olmaqla 26 şahidin dinlənildiyini, İnsan Hüquq və Azadlıqları Humanitar Yardım Fondunun rəhbəri Bülent İldırım ilə gəmi kapitanı və gəmidəki digər şahidlərin ifadələrini almaq üçün müraciət etdiklərini, ancaq Türkiyə səfirliyinə etdikləri müraciətə cavab ala bilmədiklərini söyləyib.

 

"Mavi Mərmərə" basqınından 2 həftə sonra İsrail baş naziri Benyamin Netanyahu tərəfindən yaradılan komissiya üzvlərinin sayı 85 yaş və daha çox idi. Komissiyanın 93 yaşındakı üzvü Şabtay Rosen isə sentyabr ayında ölmüşdü. Basqınla bağlı BMT-nin hazırladığı hesabatda isə, İsrail ordusunun "qəbulolunmaz səviyyədə bir qəddarlıq nümayiş etdirdiyi" ifadə olunmuşdu. İsrail hesabatının ikinci hissəsinin nə vaxt açıqlanacağı hələ müəyyən deyil.

 

İsrailin sözügedən hesabatı Ankarada sərt qarşılanıb. "Mavi Mərmərə" basqını ilə əlaqədar Türkiyədə yaradılan Milli Araşdırma və Tədqiqat Komissiyası hesabatı heyrət, təəssüf və kədərlə qarşıladıqlarını açıqlayıb. İsrailin həyata keçirdiyi hücumun bütün beynəlxalq prinsip, qayda və normaları tapdaladığını ifadə edən komissiyanın açıqlamasında qeyd olunub ki, "İsrailin Qəzzaya tətbiq etdiyi dəniz mühasirəsinin qanuni dayaqları yoxdur. Açıqlamada "hüquqdan kənar olan əməlin davamı xüsusiyyəti daşıyan "Mavi Mərməyə"yə hücum da eyni şəkildə hüquqa zidddir" ifadəsi yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə