Rusiyada müsəlmanlar üçün televiziya kanalı açılır. SİA-nın "Ria Novosti"yə istinadən verdiyi məlumata görə, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynuddini hökumətin ölkədə müsəlmanlara qarşı münasibəti yaxşılaşdırmaq üçün yaxın aylarda müsəlmanlar üçün televiziya kanalı açacağını söyləyib.
R.Qaynuddini açılması nəzərdə tutulan kanalda gənclər üçün təhsil proqramlarının üstünlük təşkil ediləcəyini bildirib. Fərqli inancların nümayəndələrinə xoş münasibətin olmasının vacibliyini qeyd edən Müftilər Şurasının sədri kanalın getdikcə artan islam əleyhdarlığı ilə mübarizəyə yardım edəcəyinə inandıqlarını ifadə edib. O, televiziya kanalında müsəlmanlarla yanaşı, digər dinə mənsub olanların da çalışacağını söyləyib.
Rusiya prezidenti Dmitri Medvedev tərəfindən 2 il əvvəl təklif edilən kanalın fevral və ya mart ayında fəaliyyətə başlaması gözlənilir. Qeyd edək ki, Rusiyada 20 milyona da qədər müsəlman yaşayır.
Son illər Rusiyada yaşayan müsəlmanlar bu ölkədə islam dininə münasibətin yaxşı olmadığından şikayətlənir. Bəzi ortodoks xristianlar Qafqaz və Orta Asiya kimi müsəlman əhaliyə sahib olan bölgələrdən gələn yoxsul immiqratların Rusiyanın etnik və dini quruluşunu dəyişdirdiyini iddia edir. Rusiyada yaşayan müsəlmanlar isə kilsənin getdikcə dövlət ilə yaxınlaşmasından narahatdır. Müsəlmanlara xoş olmayan münasibətin nəticəsidir ki, Rusiyada məscidlərin sayı olduqca azdır. Müsəlmanlar 10 milyon 500 min insanın yaşadığı Moskvanın 20 faizini təşkil edir. Moskvada xristianlar üçün 900 kilsə olduğu halda, iki milyon müsəlman üçün dörd məscid var.
Rusiya Müftilər Şurasının həmsədri Nafiqulla Aşirov Moskvada 20 ildən bu yana yeni bir məscid tikmək cəhdlərinin müvəffəqiyyətsizliyə uğradığını dilə gətirib: "Ancaq digər strukturlarla bağlı məsələ ortaya çıxanda Moskvada bir problem yaranmır. Təbii qaz paylama mərkəzi, restoran və ya gecə klubu üçün bir yer istəsəniz, hər hansı bir problemlə qarşılaşmırsınız".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB