Sudandan sonra sıra hansı ölkələrdə?

Sudandan sonra sıra hansı ölkələrdə?

Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul ediləcək 193-cü dövlət olması təxmin edilən Cənubi Sudandakı referendum yeni müstəqillik hərəkatına təkan verə bilər. SİA-nın məlumatına görə, Avropa və ərəb mətbuatı Cənubi Sudanda keçirilən referendumun bir çox azlıqlar üçün göydəndüşmə fürsət ola biləcəyini yazıb. Avstriyanın gündəlik qəzetlərindən "Krone" "Sudan domino daşı effekti yarada bilər. Şimali İraqdakı kürdlər, Səudiyyə Ərəbistanı və Əlcəzairdəki azlıqlar da müstəqilliyini elan edə bilər", - deyə yazıb. Qəzetə görə, ərəb ölkələri artıq bu qorxunu yaşamağa başlayıblar.

 

"Krone" qəzeti bölgədəki siyasi proseslərə istinad edərək belə bir qənaətə gəlir ki, Sudanın yaşadıqlarını Əlcəzair, Səudiyyə Ərəbistanı və İraqın da yaşayacağı gözlənilir. Qəzetin qənaətinə görə, Əlcəzairdəki bərbərilər, Səudiyyə Ərəbistanındakı şiələr və Şimali İraqdakı kürdlərin müstəqil dövlətlər yaradacağını gözləmək olar. İraqın üç yerə bölünmə ehtimalına diqqət çəkən qəzet kürdlərin üç əyalətdən ibarət muxtariyyətə sahib olduqlarını yazıb. Bildirilir ki, İraqdakı azlıqların müstəqillik istəkləri də Sudandakı kimi beynəlxalq təzyiqlərin altında yerinə yetirilə bilər.

 

Buna oxşar bir şərhi ərəbcə nəşr olunan "Al-Hayat" qəzeti "Jubadan Ərbilə" başlıqlı məqaləsində verib. Ərəb dünyasının nüfuzlu qəzetlərindən olan "Əl-Hayat"ın məsələ ilə bağlı şərhində qeyd olunub ki, Cənubi Sudanın müxtariyyətinin tanınması ilə bağlı razılaşma 1972-ci ildə imzalanıb. Qəzet belə bir razılaşma ilə Şimali İraq kürdlərinə də müxtariyyətin verildiyini diqqətə çatdırıb: "Cənubi Sudan kimi Şimali İraqdakı kürdlər üçün də 11 mart 1970-ci ildə də müxtariyyət haqqı tanınıb. Lakin proses irəli aparılmadı. Bərzaniyə sui-qəsd cəhdləri və daha sonra Əlcəzair razılaşması prosesi çıxılmaz hala gətirdi".

 

Ərəb dünyasının bir başqa nüfuzlu qəzeti "Al-Sharq al-Awsat" "Artıq Orta Şərqdə kiçik dövlətlər dövrü başladı" məqaləsini verib. Klassik kolonizm dövrünün başa çatdığını yazan qəzet qeyd edib ki, dünyanın supergücləri də bölünmə prosesini dəstəkləyir: "Bölgədə parçala və hökmranlıq et" taktikası tətbiq olunur".

 

Qəzet "WikiLeaks" saytının açıqladığı sənədlərə də diqqət çəkib. Belə ki, "WikiLeaks" ABŞ-ın 2009-cu ildə Cənubi Sudanda referendum keçirilməsini planlaşdırğını yazıb. "Al-Sharq al-Awsat" Sudanın bölünməsindən ən çox Misirin ziyan çəkə biləcəyini bildirib. Cənubi Sudanın digər bir neçə Afrika ölkəsi ilə də Nildən pay qarşıdurmasının yaranacağı təxmin edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə