Nobel mükafatları sahiblərinə verilib

Nobel mükafatları sahiblərinə verilib

2010-cu il fizika, tibb və fiziologiya, kimya, ədəbiyyat və iqtisadiyyat sahələri üzrə Nobel mükafatları İsveçin paytaxtı Stokholmda təşkil edilən mərasimlə sahiblərinə verilib. SİA-nın məlumatına görə, Stokholm Konsert Evində baş tutan mərasimə İsveç kral ailəsi ilə birlikdə mükafat sahibləri və çoxlu qonaq qatılıb. Mərasim zalı İtalyanın San-Remo şəhərindən gətirilən minlərlə bənövşəyi və qızıl güllə bəzədilib.

 

2010-cu il Nobel mükafatlarını sahiblərinə İsveç kralı XVI Karl Qustav təqdim edib. Bu ilki laureatlar arasında Böyük Britaniya, ABŞ, Yaponiya, Peru və Çində işləyən 11 nəfər var. Xəstəliyinə görə, mərasimə qatıla bilməyən, tibb və fiziologiya üzrə mükafatın sahibi britaniyalı tədqiqatçı, süni mayalanma texnologiyasını hazırlayan 85 yaşlı Robert Edvardsın mükafatını onun həyat yoldaşı Rut Edvards alıb. Qeyd edək ki, Robert Edvards ən yaşlı laureatdır.

 

XVI Karl Qustav həmçinin 2010-cu ildə kimya üzrə Nobel mükafatını Riçard Xekə, Eyiti Naqasiyə və Akira Sudzukiyə, ədəbiyyat üzrə perulu yazıçı Mario Varqas Llosa, fizika üzrə rusiyalı alimlər Konstantin Novosyolov və Andrey Geymə, iqtisadiyyat üzrə Piter Diamond, Dale Mortensen və Cənubi Kipr vətəndaşı Kristofer Pissaridesə təqdim edib. Mükafatların verilməsindən sonra təxminən 1300 adamdan ibarət qonaq heyətinə Stokholm Bələdiyyəsinə məxsus binada Nobel yeməyi verilib. Nobel sülh mükafatı mərasimləri isə Norveçin paytaxtı Osloda keçirilib.

 

Nobel mükafatları hər il dekabrın 10-da, isveçli sənayeçi və ixtiraçı Alfred Bernard Nobelin vəfatının ildönümündə təqdim olunur. Mükafatlardan beşi Stokholmda, sülh mükafatı isə Osloda sahiblərinə verilir. Bu ilin hər nominasiya üzrə mükafatı 10 milyon İsveç kronu (təxminən 1 milyon avro) olub.

 

Nobel mükafatı 27 noyabr 1895-ci ildə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis edilib. Alfred Bernard Nobelin ölümündən sonra qalan kapital Nobel fondunun əsasını təşkil edib. Mükafat 1901-ci ildən verilir. Mükafat Alfred Nobelin vəsiyyətinə əsasən kimya, fizika, tibb və fiziologiya, ədəbiyyat, və sülh üzrə verilməli idi. Vəsiyyətdən kənar isə 1969 -cu ildən başlayaraq İsveç Bankının təşəbbüsü ilə Nobel iqtisadiyyat mükafatı da verilir.Onun təltif qaydası da digər sahələrdə olduğu kimidir. Laureat "Nobel xatirə mühazirəsi" söyləməlidir. O sonradan Nobel Fondu tərəfindən xüsusi cilddə nəşr edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə