Misirdə ikinci turu bazar günü keçirilən parlament seçkilərinin ilk rəsmi nəticələri açıqlanıb. SİA-nın yerli "Əl-Əhram" qəzetinə istinadən verdiyi məlumata görə, iqtidardakı Milli-Demokrat Partiyası 508 yerdən 439-nu qazanıb.
İlkin nəticələrə görə, ana müxalifət adı "Müsəlman qardaşlar" təşkilatından "Yeni Vəfd" Partiyasına keçib. "Yeni Vəfd" Partiyası seçkilərin ikinci turundan çəkilməsi ilə bağlı bəyanat verməsinə baxmayaraq, 6 mandat əldə edib. Ölkənin əsas müxalifət partiyası olan "Müsəlman qardaşlar" isə 1 yer qazanıb. Ümumilikdə müxalifət parlamentdə 15 yer tuta bilib. İqtidara yaxın solçu Təcəmmü Partiyası 5, İctimai Ədalət və liberal "Sabah" Partiyaları isə bir yer qazanıb.
Seçkilərin ikinci turundan çəkilən "Müsəlman qardaşlar" təşkilatının müstəqil namizədlərindən yalnız Mecdi Aşar millət vəkili olub. İqtidar partiyasına yaxın 69 müstəqil namizəd də parlamentə girib. 5 yer isə boş olaraq qalır. "Əl-Əhram" qəzetinin yazdığına görə, "Müsəlman qardaşlar" və "Yeni Vəfd" çoxsaylı qanun pozuntuları ilə bağlı seçkilərin nəticələrinin ləğv olunmasını tələb edirlər.
Qeyd edək ki, Misirdə 518 yerlik parlamentdə 508 yeri xalq seçir, 10 deputatı isə prezident təyin edir. Bu 10 üzvün də iqtidardakı Milli-Demokrat Partiyasından olacağı iddia edilir. 40 milyon 160 min 799 seçici qeydə alınan Misirdə Mərkəzi Seçki Komissiyası seçici fəallığının seçkilərin ilk turunda 35, ikinci turunda isə 27 faiz olduğunu açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB