Rəcəb Tayyib Ərdoğan and içdi FOTOLAR

Rəcəb Tayyib Ərdoğan and içdi FOTOLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentində and içib. SİA-nın məlumatına görə, iyulun 4-də Türkiyə Mərkəzi Seçki Komissiyası prezident və parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.

Yekun nəticələrə əsasən Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində 52,59 faiz, Muharrem İncə 30,64 faiz, Meral Akşener 7,29 faiz, Səlahəddin Demirtaş 8,4 faiz, Təməl Karamollaoğlu 0,89 faiz, Doğu Perinçek 0,2 faiz səs toplayıb.

Parlament seçkilərinə gəldikdə isə Ədalət və İnkişaf Partiyası (AKP) 42,56 faiz, Milliyətçi Hərəkat Partiyası (MHP) 11,1 faiz, Cümhuriyyət Xalq Partiyası (CHP) 22,65 faiz, İYİ partiyası 9,96 faiz, Xalqların Demokratik Partiyası (HDP) 11,7 faiz, Səadət Partiyası (SP) 1,23 faiz, Vətən Partiyası (VP) 0,23 faiz səs toplayıb.

Beləliklə, parlamentdə AKP 295, MHP 49, CHP 146, İYİ partiyası 43, HDP 67 millət vəkili ilə təmsil olunacaq. SP və VP parlamentdə təmsil olunmayacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan andiçmə mərasimində çıxış edib.

Bununla da Türkiyədə prezident üsul-idarəli hökumət rəsmən fəaliyyətə başlayıb.

Türkiyə Böyük Millət Məclisinə gələrkən Prezident Rəcəb Tayyib Ərdoğanı vətəndaşlar böyük coşqu ilə qarsalayıblar.

Andiçmə mərasimindən sonra Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbiri ziyarət edib.

Qeyd edək ki, xarici ölkələrin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə rəsmi ziyafət keçirilib. Rəcəb Tayyib Ərdoğanın yeni prezidentlik dövründə fəaliyyətə başlaması münasibətilə təşkil olunan rəsmi mərasimə 22 prezident, 28 baş nazir və parlament sədri, 6 beynəlxalq təşkilat rəhbəri və çoxlu sayda digər xarici qonaq və yerli ictimaiyyətin nümayəndələri qatılıb.

Azərbaycanı bu mərasimdə Baş nazir Novruz Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi ziyafətdən sonra yeni hökumətin tərkibini açıqlayayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə