Fələstin 2011-ci ilin avqustunda müstəqilliyini elan edəcək

Fələstin 2011-ci ilin avqustunda müstəqilliyini elan edəcək

Fələstin Muxtariyyətinin baş naziri Salam Feyyad 2011-ci ildə müstəqilliklərini elan edəcəklərini söyləyib. SİA-nın məlumatına görə, İtaliyanın "Corriere Della Sera" qəzetinə zeytun yığarkən müsahibə verən baş nazir "torpaqlarımızdakı ən gənc zeytun ağacının kökləri belə ən qədim İsrail məskunlaşmasından daha dərindədir" deyib.

 

İsrailin Qərbı Şeriadakı işğalına son qoyması üçün gələn ilin yaz aylarına qədər vaxtı qaldığını söyləyən S.Feyyad bildirib ki, 2011-ci ildə həm Birləşmiş Millətlər Təşkilatının (BMT) 66-cı ildönümünü qeyd edəcəklər, həm də BMT Fələstinin yaranmasını elan edəcək. Fələstinlilərin Qərbi Şeriada müstəqil Fələstin dövlətini yaratmaq üçün hazırlığa başlamasının vaxtının gəldiyini söyləyən baş nazir vurğulayıb ki, Qəzza xalqı milli layihəmizin bir parçası olmalıdır.

 

Qəzza ilə Qərbi Şeria arasında bəzi problemlərin olduğunu qəbul edən Feyyad əsl problemin Qəzza ilə Şeria arasındakı divarın olduğunu söyləyib. Qərbi Şeriada məskunlaşan yəhudilərin zeytun ağaclarını zəhərlədiyindən şikayət edən baş nazir bu ağacların "fələstinlilərin bu torpaqlar üzərindəki həyat haqqının simvolu" olduğunu qeyd edib.

 

Yəhudi məskunlaşmalarının qeyri-qanuni olduğunu deyən S.Feyyad onların uzun müddət Fələstin torpaqlarında qala bilməyəcəyini ifadə edib: "İsrailin həqiqətən sülh istəyirsə, inşaat işlərini dayandırmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə