Ankara müdafiə sistemi üçün “İsrail zəmanəti” istəyib

Ankara müdafiə sistemi üçün “İsrail zəmanəti” istəyib

ABŞ-ın Türkiyədə yerləşdirmək istədiyi raketdən müdafiə sistemi (RMS) ətrafında Ankara-Vaşinqton danışıqları davam edir. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, NATO-da hər bir qərarın qəbulu zamanı bütün üzvlərin qərarın lehinə səs verməsi vacib olduğundan ABŞ Türkiyənin tələblərini yerinə yetirmək üçün yollar axtarır. Türkiyə ABŞ-dan son olaraq "RMS-in müəyyən etdiyi kəşfiyyat məlumatları NATO-nun üzvü olmayan bir ölkəyə veriləcəkmi?" sualına cavab istəyib. ABŞ səlahiyyətliləri isə kəşfiyyat məlumatlarının İsrail də daxil olmaqla heç bir ölkəyə verilməyəcəyini bildirib.

 

Xəbərə görə, Ankaranın "təhlükənin ölkələr üzrə müəyyən olunmasına ehtiyac yoxdur, təhlükə yaranarsa sistem fəaliyyətə başlayar" israrı da ABŞ tərəfindən müsbət qarşılanıb. Prinsipcə, raketdən müdafiə sistemi Türkiyəni İsraildən ola biləcək hücumdan da qoruyacaq. Sistemlə bağlı yekun qərar Lissabonda 19-20 noyabr tarixlərində keçiriləcək NATO zirvəsində veriləcək. Layihənin NATO çətiri altında həyata keçirilməsi nəzərdə tutulur. ABŞ layihənin həyata keçirilməsinə böyük əhəmiyyət verir, Türkiyə də müdafiə sisteminə qarşı çıxmır. Ancaq rəsmi Ankara layihəni təhlükə məqsədi ilə deyil, təhlükəsizliyin inkişaf etdirilməsi şərtilə dəstəkləyir. ABŞ layihənin İran təhlükəsinə qarşı həyata keçiriləcəyini açıq şəkildə dilə gətirir. Qonşularla "sıfır problem" siyasəti aparan Ankara isə təhlükənin təyin olunmasına qəti olaraq qarşı çıxır. Xarici işlər naziri Əhməd Davutoğlu ölkəsinin mövqeyini ortaya qoyaraq bildirib ki, təhlükəni ölkə olaraq ifadə etməyə ehtiyac yoxdur, müəyyən oluna bilməyən təhlükələr hər vaxt dəyişə bilər. Nazirin sözlərinə görə, təhlükə olduqda onu zərərsizləşdirmək ən doğru variantdır. Türkiyənin bu tələbi ABŞ tərəfindən də məntiqəuyğun olaraq qiymətləndirilir. Bununla belə ABŞ-lı səlahiyyətlilər hər addımda təhlükənin İran olduğunu ifadə edirlər.

 

Bildirilir ki, Türkiyə ABŞ-dan "Sistemi Qara dənizdə gəmilərə yerləşdirməyi planlaşdırırsınızmı?" sualına da cavab istəyib. ABŞ Montrö Boğazlar Müqaviləsini xatırladaraq belə bir tələbin olmayacağına zəmanət verib. Ankaranın digər bir sualı "sistemin əldə etdikləri kəşfiyyat məlumatları NATO-nun üzvü olmayan bir ölkəyə veriləcəkmi?" isə birbaşa olaraq İsrailə işarədir. Vaşinqton bu məsələdə də Ankaraya zəmanət verib. ABŞ-a görə məlumatların belə bir paylanma mexanizmi mövcud deyil.

 

Qəzet yazır ki, müdafiə sisteminin əsl məqsədinin İsraili qorumaq olduğunu iddia edənlər də var. Ancaq bunun iki səbəbə görə mümkün olmadığı bildirilir: "Birincisi, İsrail NATO-nun üzvü deyil. NATO-nun qurduğu sistem təşkilata üzv olmayan başqa bir ölkə üçün istifadə edilə bilməz. İkincisi, İsrailin yaxın gələcəkdə belə bir sistemə ehtiyacı yoxdur. Bu ölkə illərdir ki, ballistik raketlərə cavab verə bilən sistemə sahibdir. Türkiyə ilə İsrail arasındakı ola biləcək bir qarşıdurmada qurulacaq müdafiə sisteminin vəzifəsinin nə olacağı da müzakirə mövzusudur. NATO nizamnaməsinin beşinci maddəsi "ittifaq üzvünə hücum bütün NATO-ya hücum edilmiş hesab edilir" deyir. ABŞ da bu maddəni olduğu kimi qəbul edir. Bununla da müdafiə sisteminin Türkiyəni İsrailin hücumundan belə qoruyacağına işarə edir. Deməli, ABŞ da müdafiə sisteminin əsl məqsədinin İsraili qorumaq olduğu iddiasını qəbul etmir".

 

Müdafiə sisteminin maliyyə baxımından NATO üzvlərinə ciddi bir yük olmayacağı ifadə olunur. Hər üzvün 10 il ərzində 200 milyon avro ödəməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə