ABŞ-dan şantaj

Türkiyədə raketdən müdafiə sisteminin yerləşdirilməsi ilə bağlı müzakirələr müsbət nəticələnməzsə, ABŞ qondarma erməni soyqırımının tanınması məsələsini gündəmə gətirə bilər. SİA-nın məlumatına görə, "Daily News" qəzeti rəsmi Ankaranın bu layihəyə qarşı çıxacağı halda ABŞ-ın "erməni soyqırımı" kartını oynamağa hazırlaşacağını yazıb.

 

Qəzetin əldə etdiyi məlumata görə, ABŞ-lı səlahiyyətlilər Türkiyə ilə aparılan danışıqlarda Ankaranın İran məsələsinə yanaşmasının, İsrail ilə münasibətlərindəki problemlər və NATO-nun raketdən müdafiə sisteminə mövqeyinin Türkiyə-ABŞ əlaqələrinin gələcəyini müəyyən edəcəyini bildirib. Məlumatda qeyd olunub ki, ABŞ da bu məsələlərin Türkiyənin mövqeyinin müəyyən olunması baxımından sınaq xüsusiyyəti daşıdığını Ankaranın diqqətənə çatdırıb. Qəzet Vaşinqtonun bu üç məsələdə irəliləmə əldə olunmayacağı halda "erməni soyqırımını" tanıyan bir qərarın Konqresdən keçməsinin sürpriz olmayacağı mesajını diplomatik yollarla Ankaraya çatdırdığını da qeyd edib.

 

Qeyd edək ki, NATO Türkiyədə ballistik raketlərə qarşı müdafiə sistemini yerləşdirmək istəyir. Noyabrın 19-20-də Lissabonda keçiriləcək NATO zirvəsində bu məsələ müzakirə ediləcək. Layihə çərçivəsində "SM-3" raketlərinin, daha sonra "Patriot PAC 3" sisteminin yerləşdirilməsi nəzərdə tutulur. Zirvədə razılaşma əldə olunarsa mərmilər Qara dəniz, Şərqi və Şimal-şərqi Anadoluda yerləşdiriləcək.

 

Türkiyənin isə iki məsələdə narahatlığı var. Birincisi, Ankara layihənin Türkiyə ilə məhdudlaşdırılmamasını və bütün NATO ərazisində həyata keçirilməsini. İkinci isə Türkiyə NATO sənədlərində İran və Suriyanın təhlükə olaraq göstərilməsini istəmir.

Bütün xəbərlər Facebook səhifəmizdə