Çin BMT-nin Darfur hesabatından narazıdır

Çin BMT-nin Darfur hesabatından narazıdır

Çin Sudanın Darfur bölgəsində sülhməramlı qüvvələrə qarşı Çin istehsalı olan güllələrdən istifadə edildiyini iddia edən bir BMT hesabatının yayımlanmasına əngəl olmağa çalışır. SİA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, hesabat silah embarqosuna məruz qalan Sudanda sanksiyaların icra vəziyyətinə nəzarət edən BMT komissiyasında müzakirə edilib.

 

Rəsmi Pekin hesabatın səhvlərlə dolu olduğunu iddia edir. Komissiyanın yığıncağından sonra açıqlama verən çinli diplomat Zao Baogang Pekinin hesabata sərt reaksiya göstərdiyini bildirib. Zao hesabatdakı iddialara mənbə göstərilmədiyini ifadə edib. Hesabatda bildirilir ki, Darfurda BMT əsgərlərinə hücumlar zamanı Çin istehsalı olan 12 müxtəlif markalı güllələrdən istifadə olunub. Ekspertlər qrupu tərəfindən hazırlanan hesabatın BMT-nin Baş Məclisinə rəsmi olaraq təqdim edilməsindən sonra yayımlanması planlaşdırılır.

 

BMT-nin hesablamalarına görə, Sudanın Darfur bölgəsində 2003-cü ildə başlayan qarşıdurmalarda təxminən 300 min adam ölüb, 2 milyon 600 min adam isə evsiz qalıb. Qarşıdurmalar hökuməti Afrika mənşəlilərə qarşı təzyiq etməkdə günahlandıran Sudan Azadlıq Ordusu ilə Ədalət və Bərabərlik Hərəkatının hücumları ilə başlamışdı. Sudan Azadlıq Ordusu hələ də hökumətlə danışıqlardan imtina edir. Sülhün əldə edilməsi üçün indiyə kimi edilən səylər uğursuz olub.

 

Hökumət üsyançılara qarşı bəzi polis qruplarınından istifadə olunduğunu qəbul etsə də etnik təmizlik aparmaqda ittiham olunan "Ərəb-Cincavid" polis qrupu ilə əlaqəsi olmadığını iddia edir. Ancaq Beynəlxalq Cəza Məhkəməsi soyqırım törətməkdə, döyüş cinayətləri işləməkdə ittiham edilən Sudanın dövlət başçısı Ömər Əl-Bəşirin həbsi haqqında hökm çıxarmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə